SON XƏBƏR

“Bir ovuc göz yaşı”

Aprel 25
09:13 2017
Ömrümüz irili-xırdalı hadisələrlə dolu vaxt boxçasıdır, zamanında açılır və zamanında düyünlənir. Necə ki eşq aşiqin, eləcə də kitab şairin həyatında hadisədir. Və hadisələr bir-biri ilə əlaqəli olduğundan, bu günlərdə  "3 saylı Bakı mətbəəsi”ndə işıq üzü görmüş "Bir ovuc göz yaşı” şeirlər kitabını da Ülfət Ziyafət qızı Əkbərlinin oxucularına yaşatdığı hadisə kimi dəyərləndirmək olar. Bu həm də 1998-ci ildən Lənkəranda fəaliyyət göstərən "Ziya” ədəbi məclisinin daha bir uğurudur əslində. 

Xatırladım ki, bu müəllifin ilk kitabı olduğundan, kitabda gənc şairin hələ uşaq vaxtlarında yazdığı şeirlər də özünə yer almışdır. Kitab Azərbaycana həsr olunmuş şeirlə açılır:

Öpüşlərim gəl qurutsun gözünü,
Tarix sənin göz yaşını çox içib.
Göz yaşlarım qoy sarısın yaranı,
Yaran üstdən neçə-neçə dərd keçib.

Bir ağrı var, didir məni içimdən,
Nəfəsiylə qorxuları dağıdır.
Ürəyimdə qəm qoxulu duyğular,
Sabahlarçın intiqama ağıdır.

Üfüqlərdə ağ günlərin işığı,
Al günəşli sabahlara bir inam.
Mən aşiqəm, sənsən mənim ilk eşqim,
Azərbaycan, ilk sevgilim, ilk anam.

Diqqətinizə çatdırdığım bu şeiri Ülfət 17 yaşı olarkən yazıb. Bununla belə o, gözünün qarşısında baş verən acılı hadisələrin böyründən laqeydcəsinə ötüb-keçməyib. İçindəki torpağa bağlılıq, Vətənə olan sevgi onu çoxlarından fərqli olaraq haqsızlığa göz yummaqdan daşındırıb. Əslində, bu kövrək, titrək, saf, amma poetiklik baxımından çox da yüklü  olmayan misralar hələ o vaxt illər sonra onun  bir şair kimi, bir vətəndaş kimi formalaşacağından xəbər verirdi. Mənə görə şeir-şair nəbzidir, tutmağı bacaranlar bilir harda bərk, harda yavaş vurduğunu. Misradan-misraya, şeirdən şeirə böyüyən Ülfətin yaradıcılığında ürək döyüntülərinin onu qabağına qatdığı anlar da  az deyil:

Dönəcəyin yollara baxa-baxa kor oldum,
Vüsalının acıyam, həsrətində qovruldum,
Bürünüb yoxluğuna sənsizliyə sarıldım,
Bu həsrət yuxusundan ayrılmadı ürəyim.

Ürəyim adlanan bu şeir yuxarıda qeyd etdiklərimə bariz nümunədir. Bəli, həsrəti, sevgisi  böyüdükcə şair özü də böyüyür. Şair ətrafında baş verən hər şeyi böyüdə və misradan-misraya dəyişə biləndir. Başqa bir şeirindən bu misralara diqqət etdikcə, gənc şairin yaradıcılığındakı obrazlılığın necə böyüdüyünün  bir daha şahidi oluruq:

Qəlbimin ən gizli döyüntüsündə
Gizli nəğmələrlə susub yaşaram.
Bu eşqin şahidi olan gözlərin
Yaşını kiprikdən asıb yaşaram.

Gözəldir, deyilmi? Təbii ki, harda sevgi var, orda gözəllik var, harda sədaqət var, orda sabaha inam var. Bu inam həm də qələm sahibinə sözün çalarlarına bürünməyi, sözü müxtəlif çalarlara bürüməyi öyrədir. Ülfət Ziyafətqızının rəssam şeirindəki boya seçimləri bu baxımdan çox uğurludur:

Götür çək ruhumun rəsmini, rəssam,
Mənim gözlərimi sevgiyə boya.
Titrət kağız üstə səsimi, rəssam,
Baxan hönkürtümü rəngindən duya.

Gəl islat fınçanı arzularıma,
Min ömrü sığışdır bir damla yaşa.
Gecəmi mürgülü yuxularıma
Elə yoz ölümün kölgəsi düşə.

Kədər sığallasın son güvənimi,
Dağıt saçlarımı xəyallarımtək.
Qarala fırçanla sən dünənimi,
Qırılmış qəlbimi sabahlara tik.

Cız mənim yolumu bu tablo üstə,
Dünyadan uzanıb cənnətə getsin.
Bağla gözlərimi sən asta-asta,
Bir eşqin nağılı rəsmimlə bitsin.

Kövrək notlar üzərində çırpınan bu misaların dərinliyindəki ümid ən sonda hər şeyin yaxşı bitəcəyinə işarədir həm də. Ülfətin əksər şeirlərindəki kövrəliyin altında bir işıq var. O, bu işığın ətəyindən tutub getdikcə gedir, özünü gizlətmək istədiyi yerdən uzaqlaşır. Kitabı ciddi-ciddi varaqlayarkən bir daha əminliklə demək olur ki, Ülfət hələ uşaq çağlarında yazdığı şeirlərdə belə şairdir. Müxtəlif illərdə yazılmış bu şeirlərdən ötən vaxt müəllifi daha bacarıqlı, daha layiqli qələm sahibinə çevirmişdir. Söylədiklərim öz təsdiqini müəllifin 2017-ci ildə yazdığı "Eşq" adlı şeirdə də tapıb:

Kiminə görə
Bir şeirlik bədənə
Misra-misra toxunmaqdır,
Kiminə görə
Odlu nəfəslərdə 
Yox olmaqdır eşq...
Mənə görə
"Sən”dir,
Toxunmadan,
Nəfəsində yox olmadan,
Bir ürəyi uzaqdan
Çəkilmədən,
Sıxılmadan 
Sevəndir eşq...
Kirpiyini pillə edib
Yuxulara qırpım-qırpım
Çıxandır,
Gözündən gözümə
Baxandır,
Gecələr ruhuma
Axandır eşq...
Sabaha yol gedən
Duandır,
Göz yaşına sığınanda
Hönkürtünü duyandır eşq...
Ömrünə,
Könlünə
Çağrılmadan gələndir,
Səni dünyadan,
Dünyanı səndən siləndir eşq...
Bu dünyada 
Vüsal ümidindir,
Qovuşmasan
O dünyanın cənnətində
Səni gözləyəcək
Qadındır eşq...
Anladınmı
Nədir eşq?...

Bu şeir ətrafında baş verən hadisələri özünə toz kimi çəkə bilən dünya boyda maqnitdir sanki. İstər modernlik, istər poetik həllini tapmış düşüncə baxımından möhtəşəmdir...

Kitabda müəllifin mənsur şeirləri və qəzəlləri də özünə yer almışdır. Ülfət elə mənsur şeirlərində də, qəzəllərində də sözlə bağladığı ülfətdə olduğu kimi dəqiq və ölçülüdür:

Doğulan arzulara layla dedi dərdin özü,
Yuxulu gözlərinə od ələdi odlu gözü.

Yaxud:

Bir əmanətdi tənim, mən ölürəm, can verirəm,
Bu əmanət bədəni vəslinə qurban verirəm.

Bu, başqa qəzəlindən olan beytdə Ülfətin sözə nə qədər məsuliyyətli yanaşdığının, onun müxtəlif şeir növlərində bacarıqlı olduğunun bir daha şahidi oluruq. Mövzu genişliyi onun sevimli yaradıcılıq məziyyətlərindəndir. Və belə hesab edirəm ki, bura qədər ki, yaradıcılığında Ülfət söz oyunun deyil,  düşüncə oyununun tərəfində özünə yer seçmiş gənc şairlərimizdəndir...

Bu kiçik yazımda ixtiyarımıza buraxılmış şeirləri bir şair kimi bəs qədər incələməyə çalışsam da, həmişə olduğu kimi kitab haqqında ən doğru fikirləri zamanın daha aydın işıqlandıracağına mən də hər biriniz kimi inanıram. 

Sonda Ülfət xanıma bundan sonrakı yaradıcılığında daha böyük uğurlar diləyirəm. Arzu edirəm ki, bütün sadaladığım irili-xırdalı bu hadisələrin fonunda imza olaraq Azərbaycan Ədəbiyyatında o, özü bir hadisəyə çevrilsin....

22.04.2017
 


Ülvi Bünyadzadə adlına "Uğur” mükafatı laureatı,
Prezident mükafatçısı, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü Tərlan Əbilov




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook