SON XƏBƏR

Birgə əməkdaşlığın vacib sahəsi

İyul 08
10:54 2024
Bildiyimiz kimi, Prezident cənab  İlham Əliyev  cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus” formatlı Astana Sammitində iştirak edib. Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı "ŞƏT+” formatlı Astana Sammitinin gündəliyindəki əsas mövzu "Avrasiya təhlükəsizlik sistemi”nin müzakirəsi idi.    
     
Bu gün  Azərbaycanın bu qurumla əməkdaşlığı və burada  iştirakı ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Xəzər hövzəsi regionunda Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir,  daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat  sisteminə inteqrasiya daha da genişləndirilir. Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında moderator rolunda çıxış edir. Qeyd edək ki, bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. İndiyədək dəhlizin Azərbaycandan keçən hissəsində böyük iş həcmi görülüb və çoxlu sayda layihələr reallaşdırılıb. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə yönələn platformalardan çıxış etməsi mühüm rol oynayır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
     
Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Marşrutları Azərbaycan ərazisindən keçən "Şimal–Cənub” və "Şərq–Qərb” nəhəng nəqliyyat layihələrinin reallaşmasına gözləntilərin artması ilə ölkəmizin ŞƏT dövlətləri üçün əhəmiyyəti də ikiqat çoxalıb. Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya və Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər ikitərəfli münasibətlərin, eləcə də qarşılıqlı etimadın yüksək səviyyəsindən xəbər verir. Beləliklə, bütün bunlar Azərbaycanın düşünülmüş xarici siyasətinin, çoxtərəfli və ikitərəfli diplomatiyasının uğurlu nəticəsidir. Bundan əlavə, Azərbaycanın ŞƏT sammitində iştirakı ölkəmizin təkcə Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu birləşdirən körpü rolunu getdikcə daha inamla oynadığının sübutu kimi qiymətləndirilməlidir.
 


Qadir Əzizov,
4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook