BMT-də “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur
Yanvar 14
12:36
2016
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadənin rəhbərliyi ilə nümayəndə heyəti BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər keçirmək və BMT-nin qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin "İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda görüşündə iştirak etmək məqsədilə 12-16 yanvar tarixində Nyu Yorkda səfərdədir.
Səfər çərçivəsində ilk olaraq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qlobal.az nazirliyə istinadən xəbər verir ki, görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işlərinin cari vəziyyəti və digər təfərrüatları, habelə ölkəmizin Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş "Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, həm 7-ci Qlobal Forum, həm də "Multikulturalizm ili” Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalar arası dialoqa töhfəsi ilə yanaşı dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir.
Səfər çərçivəsində cari ilin 15 yanvar tarixində BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə geniş təqdimatın keçirilməsi nəzərdə tutulur.
Qlobal.az