BNA-dan növbəti şübhəli tender - Dövlət büdcəsi necə dağıdılır?
May 29
13:27
2021
Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC "İveka” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 374 994.86 AZN təşkil edən müqavilədə "BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün azqiymətli ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İveka” MMC 17 may 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, yaşayış sahəsi D (Yeni Günəşli qəsəbəsi), ev 9, mənzil 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Fərid Əmrağa oğludur.
Açıq mənbələrdə Fərid Xəlilov və "İveka” MMC barəsində hər hansı bilgi yoxdur.
Maraqlıdır ki, ötən il ehtiyat hissələrinə yarım milyondan artıq pul xərcləyən "BakuBus” bir il sonra yenidən ehtiyat hissələri almağa ehtiyac duyub və dövlət büdcəsindən 374 994.86 AZN "İveka”ya ötürülüb.
Mediada BNA və ona tabeli qurumların tenderləri barədə tənqidi materialların sayı-hesabı yoxdur. Həmin materiallardan aydın olur ki, qurumun keçirdiyi satınalma müsabiqələri qanunsuzluq və maxinasiyalarla müşayiət olunur.
Mənbə: Hit.az
Qlobal.az