Bolqarı Bakıda “girov” saxlayırlar - 4 .5 milyon dollar...
Oktyabr 15
08:46
2015
Kredit işi beynəlxalq qalmaqal yarada bilər; Cahangir Hacıyevin ən yaxın adamının xahişini bolqarıstanlı nazir edib; sabiq bankirdən elə bir obyekti geri istəyirlər ki...
Beynəlxalq Banka qaytarılmayan kreditlərlə bağlı həbslər səngisə də, iş üzrə istintaq bir gün olsa belə dayanmır.
"Yeni Musavat"a verilən məlumata görə, ötən ayın sonunda həbs edilən bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları -Beynəlxalq Bankın mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın "Nəqliyyat” filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, "Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis” MMC-nin təsisçisi olduğu "Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və "İnter Glass” ASC-nin direktoru Fariz Muradov istintaqda Cahangir Hacıyevin əleyhinə sensasion ifadələr veriblər. Çünki bu şirkətlərin hamısı C.Hacıyevə bağlıdır.
Uzun illər əsasən Gürcüstanda avtomobil yollarının tikintisini "Azərinşaatservis” həyata keçirib. Məlum olub ki, "Azərinşaatservis” Beynəlxalq Banka borcu olması səbəbindən C. Hacıyevin nəzarətinə keçib. Müəssisənin sabiq rəhbəri Türkiyə vətəndaşı olan Bülent Karani isə Azərbaycandan qaçıb. "Azərinşaatsevris” C.Hacıyevin nəzarətinə keçdikdən sonra o, şirkəti öz yaxın adamlarına həvalə edib.
İstintaqın gedişindən bilgili mənbəmiz deyib ki, bütün böyük məbləğli kreditləri C.Hacıyevin yaxın adamlarına verdiyi məlumdur. Amma bir çox hallarda sabiq bank rəhbəri məsuliyyəti üzərindən atmağa çalışır ki, bu səbəbdən də son həbslər gerçəkləşib. Yəni əslində həmin adamların iri kredit almağa heç bir şansları olmayıb və pullar istisnasız olaraq C.Hacıyevin nəzarəti ilə ayrılıb. Bəzi hallarda isə C.Hacıyev ayrılan krediti bir cibindən alıb o birinə cibinə qoyub ki, indi istintaq bu faktları araşdırır. Beynəlxalq Bankla bağlı artıq beynəlxalq qalmaqalın da yetişdiyi barədə xəbərlər var.
Bugünlərdə məlum olub ki, C.Hacıyevin Azərbaycana gətirdiyi, uzun müddət "İnter”in prezidenti postunu tutan bolqarıstanlı Georgi Nikolovun Bakıdan çıxmasına qadağa qoyulub.
G.Nikolov Beynəlxalq Bank ilə bağlı iş üzrə şahid qismində çağırıldığını təsdiqləyib: "Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Daxili İşlər Nazirliyindən ”şahid olduğun üçün burada qalmalısan" dedilər". Hazırda "İnter” qarşısında öhdəliklərini yerinə yetirdiyini deyən Nikolov klubun sahibinin dəyişmə prosesinin tezliklə yekunlaşacağını və yeni sahibkarın yeni komanda ilə çalışmaq arzusunda ola biləcəyini söyləyib. Amma o, istənilən halda Azərbaycanı tərk etməkdən başqa çarəsinin qalmadığını açıqlayıb.
Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: "Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm. Azərbaycanda heç vaxt problemlə üzləşməmişəm. Əksinə, yerli əhali və qurumların həddən artıq xoş münasibəti ilə qarşılanmışam. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var”.
Məlumatlara görə, indi vətəninə getmək üçün az qala göz yaşı tökən bolqar bu illər ərzində Bakıda özü üçün böyük biznes qurub, bir neçə bahalı restoran açıb. Mənbə iddia edir ki, C. Hacıyevin digər yaxınları kimi Nikolova da Beynəlxalq Bankdan qeyri-qanuni yolla böyük məbləğdə kredit verilib ki, indi iqtidar onun hesabını sorur. Bu səbəbdən onun ölkədən çıxışına qadağa qoyulub. Hətta iddiaya görə, həbsi də gündəmə gəlib. Lakin hələ ki buna lüzum bilinməyib.
"Yeni Müsavat”ın məlumatına görə, ötən ay Bakıda səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Trayço Traykov Azərbaycan hökuməti ilə bu mövzuda da müzakirə aparıb. Amma bolqar nazirə bildirilib ki, "bu, hökumətin qarışa biləcəyi iş deyil”.
C. Hacıyevinsə bolqarla münasibətləri 1990-cı illərin sonlarından başlayıb. O, C. Hacıyevin xarici ölkələrdən birindəki biznesinə nəzarət edib. Sonradan C.Hacıyev ona futbol sahəsindəki işlərinə rəhbərlik etməyi tapşırıb. Məlumata görə, bolqardan 4.5 milyon dollar kredit borcunu istəyirlər. Araşdırma nəticəsində məlum olub ki, Beynəlxalq Bankdan götürülən bu pul "İnteri” in stadionu "Şəfa”nın tikintisinə xərclənib.
C.Hacıyev gələcək təhlükələri nəzərə alaraq, alqı-satqı zamanı stadionu məhz Nikolovun adına rəsmiləşdirib. Nikolov da buna görə ölkədə saxlanılır. İndi borc müqabilində stadion C.Hacıyevdən geri tələb edilsə də, o, müqavimət göstərir. Mediada belə məlumatlar dolaşır ki, stadion C.Hacıyevin əlindən alındıqdan sonra söküləcək. Çünki arena Heydər Əliyev prospektinin profilinə uyğun gəlmir. Arenanın yerində isə hündürmərtəbəli yaşayış kompleksi və hotellər, biznes mərkəzləri inşa ediləcək. Nikolovun Bakıdan çıxmasına qoyulan qadağa isə yalnız bu hüquqi işlər yoluna qoyulduqdan sonra mümkün ola bilər.