Borca görə məhkəməyə verilən sahibkar milyonluq layihələri necə reallaşdırır?
Aprel 12
14:42
2021
Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Nur-SS” MMC ilə satınalma müqaviləsi imzalayıb.
HİT.Az xəbər verir ki, maliyyə dəyəri 195 475.26 AZN təşkil edən müqavilədə Çap və mətbəə məhsullarının satın alınması nəzərdə tutulur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə, "Nur-SS” MMC 29 oktyabr 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 13, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə İbrahimov İbrahim Ədalət oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, "Nur-SS” MMC əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların elan etdiyi tenderlərin qalibi olur. Məsələn, 2020-ci ildə "Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi "Nur-SS” MMC ilə maliyyə dəyəri 1 709 103 AZN olan müqavilə bağlayıb.
Müqavilədə Sosial Xidmətlər Agentliyinin aparatı və filialları üçün digər maşın və avadanlıqların satın alınması nəzərdə tutulur.
Həmin ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti də avadanlıq almaq üçün "Nur-SS” MMC ilə 478 578 manatlıq müqavilə imzalayıb.
Adı çəkilən hər iki qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir. Nazirliyin özü də "Nur-SS” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 206 675 manat olan müqavilədə maşın və avadanlıqların satın alınması nəzərdə tutulur.
Maraqlıdır ki, "Nur-SS” MMC həm çap məhsulları, həm də maşın və avandanlıqlar satır.
Şirkət milyonluq tenderlərin qalibi olsa da, açıq mənbələrdə barəsində məlumat çox azdır. Şirkətin hətta internet səhifəsi də yoxdur.
Qlobal.az