SON XƏBƏR

Borçalıların gürcü dili problemi: Soydaşlarımızı siyasətdən uzaq salan səbəblər...

Oktyabr 17
06:41 2024
"Gürcüstanda yaşayan azərbaycanlıların siyasətdə aktiv olmamasının əsas problemi gürcü dilini bilməmələrilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Siyasi Komitəsinin sədri Natiq Cəfərli Gürcüstanda yaşayan azərbaycanlıların namizəd kimi yaxınlaşan parlament seçkisində aktiv olmaması səbəblərindən danışarkən deyib.

Onun fikrincə, siyasətlə məşğul olmaq üçün gürcü dilini mükəmməl bilmək lazımdır:

"Gürcü dilini mükəmməl bilmək və siyasətdə aktiv olmaq üçün isə həvəs, imkan və fürsətlər lazımdır. Dili bilməmək siyasətdə aktiv olmaq üçün fürsət və imkanları məhdudlaşdırır".

Natiq Cəfərli deyib ki, Gürcüstandakı soydaşlarımız dil öyrənməkdən daha çox biznesə meyl edirlər: 

"Əsasən də kənd təsərrüfatı və xidmət sahəsində çalışırlar. Ona görə də siyasət sahəsinə onların marağı azdır. Azərbaycanlıların gürcü dilini bilməməsi uzun müddətli problemdir. Gürcüstanda siyasi partiyalarla görüşlərdə də dəfələrlə bu problemi qaldırmışıq". 

Həmsöhbətimiz qeyd edib ki, Gürcüstanda seçkilərə qatılan partiyalar da daha çox azərbaycanlının namizəd olaraq prosesdə iştirakında maraqlıdırlar:

"Onlar da namizəd olaraq daha çox azərbaycanlının iştirakında maraqlıdır ki, daha çox səs qazana bilsinlər. Çünki azərbaycanlıların səsi bir çox hallarda seçkilərdə həlledici olur. Gürcüstanda 300 mindən yuxarı azərbaycanlı seçici var. Bir daha qeyd edirəm ki, Gürcüstanda yaşayan soydaşlarımız siyasətdə aktiv olmaları üçün gürcü dilini öyrənməli, hüquq və qanunları bilməlidirlər".

Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində cəmi 13 nəfər azərbaycanlı namizəd mübarizə aparacaq. Onlardan ikisi hakim Gürcü Arzusu-Demokratik Gürcüstan, bir nəfəri isə Dəyişikliklər Uğrunda Koalisiya partiyalarını təmsil edir. "Vəhdət və İnkişaf"dan 4, "Bizim Birləşmiş Gürcüstan"dan 3, "Vahid Milli Hərəkat"dan 2, "Güclü Gürcüstan"dan bir azərbaycanlının namizədliyi irəli sürülüb. 

Gürcüstanda hardasa 500 minə yaxın soydaşımız yaşayır. Bu qədər sayın müqabilində cəmi 13 nəfərin seçkilərdə namizəd olaraq qatılması Gürcüstandakı soydaşlarımızın siyasi proseslərdə aktiv olmadığının göstəricisi sayıla bilər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook