SON XƏBƏR

Botanika İnstitunun Herbari Fondu və kitabxanası məhv edilə bilər

Aprel 05
10:29 2023
Botanika İnstitunun Herbari Fondu və kitabxanasının məhv olmaq üzrə olması ilə bağlı iddialar yayılıb.

Bu barədə Herbari Fondunun elmi işçisi Şəhla Mirzəyeva feysbuk səhifəsində paylaşım edib.

O qeyd edir ki, hazırda təmir olunan institutda illərdir toplanan nümunələr məhv olmaq təhlükəsi ilə üzləşib: "Səsimizi duyurmaq üçün bizə kömək edin! Botanika İnstitutunun Herbari Fondu respublikanın bitki biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Fondda yeni və hətta 100 illik yaşı olan bitki nümunələri qorunur. Bağda gedən təmir tikinti işləri ilə əlaqədar Botanika İnstitutunu köçürürlər və podratçı təşkilatlar 600 min nüsxəlik Herbari Fondunun lazımsız olduğunu bildirir və onun məhv edilməsini istəyirlər”.

Botanika İnsitutunun nəzdindəki kitabxananın müdiri Tükəz Sultanovanın sözlərinə görə isə bu işə məsuliyyətlə yanaşılmasa, Herbari Fondu ilə yanaşı kitabxananı da itirə bilərik: "Təkcə Herbari Fondu deyil, İnstitutun kitabxanası da təhlükədədir. Nəbatat bağında yerləşən kitabxana bağdakı quruculuq işləri ilə əlaqədar 2022-ci ildə bütün işçilərin köməyi ilə 5 ay müddətinə İnstitutun beşinci mərtəbəsinə köçürüldü. Kitabxanamız 1936-cı ildən fəaliyyət göstərir. Botanikanın bütün sahələrinə aid 20 000 zəngin ədəbiyyat, 500-dən çox dissertasiya işi, 6000-dən çox xarici ədəbiyyat saxlanılır. Müxtəlif adda elmi jurnal, qəzetlər, dövrü mətbuat alınır. İnstitutun binasından köçürülmə də kitabxanaya zərər verər. Bu işə məsuliyyətlə yanaşmaq lazımdır. Yoxsa həm Herbari Fondunu, həm də kitabxananı itirə bilərik”.

Problemlə əlaqədar Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani ilə əlaqə saxladıq. O, "Qafqazinfo”ya açıqlamasında bildirdi ki, Herbari Fondu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən olduğu binadan çıxarılır: "Əvvəllər Nəbatat bağı Botanika İnstitutunun nəzdində idi. Sonradan onu ayırıb Bakı Şəhər İcra Hakimiyyətinin balansına verdilər. Hazırda həmin ərazidə Nəbatat bağı ilə yanaşı Botanika İnstitututnun təcrübə sahəsi, binası var. Həmçinin Herbari Fondu da burada yerləşir. İndi BŞİH Nəbatat bağında təmir işləri aparır. Ötən həftə bağda tikinti aparan podratçı təşkilatdan gəlib bildiriblər ki, buradan çıxmalıyıq. Deyirlər ki, binamızı sökürlər. Əslində təmir deyirlər, bu, təmir deyil. Bizi buradan necə çıxara bilərlər?! Bunun üçün əllərində Nazirlər Kabinetinin qərarı olmalıdır”.

Məsələ ilə bağlı bir sıra aidiyyəti dövlət orqanlarına müraciət etdiklərini deyən P. Qaraxani əlavə edib ki, Fond indiyə qədər dövlət əhəmiyyətli işlər görüb: "Təkcə bu faktı deyə bilərik ki, Qarabağda hazırda ermənilərin məhv etdiyi nümunələr burada toplanıb. Əgər bu fond məhv olsa, biz ermənilərin bitki fondunu məhv etdiyini sübut edə bilmərik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook