SON XƏBƏR

Britaniya mətbuatı: "Tramp da "ömürlük prezidentlik"dən danışdı"

Mart 05
10:30 2018
ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.
 
Donald Trump Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.
 
"The Independent" yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.
 
Çinin doğrudan da son dövrdə ən güclü liderlərindən biri olan Si 2012-ci ildə hakimiyyətə gəlib və onun bu postda 2023-cü ilədək qalacağı gözlənilirdi. Amma hakim Kommunist Partiyası prezidentliyi iki müddətə məhdudlaşdıran Konstitusiya maddəsini ləğv edib. Beləliklə ölkənin avtoritar lideri istədiyi qədər hakimiyyətdə olmaq imkanı əldə edib.
 
"O, indi ömürlük prezidentdir. O, böyük adamdır" -Tramp onun Mar-a-Lago malikanəsinə fondtoplama ziyafətinə gəlmiş respublikaçılara deyib.
 
"Buna baxın e, o, bunu edə bildi. Düşünürəm ki, bu, əladır. Bəlkə bunu bir gün biz də yoxladıq" -Trump CNN-nin verdiyi xəbərə görə belə deyib.
 
Deyilənlərə görə, bağlı qapılar arxasında keçirilən bu məclisdə Tramp yenə də rəqibi Hillary Clinton-un qarasınca danışıb və Amerikanın "saxtakar seçki sistemini" tənqid edib. O, İraq müharibəsini çox böyük səhv adlandırsa da, deyib ki, prezident George W Bush da "dahidir".
 
Cənab Trampın cənab Si-ni tərifləməsi demokrat millət vəkili Ro Khanna tərəfindən kəskin tənqid olunub. O, belə bir tvit yazıb: "Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Tzinpinin ömürlük prezident olmasını alqışlamaq ən qeyri-Amerika hərəkətidir. Gorun çatlasın, George Washington".
 
ABŞ prezidentləri bir qayda olaraq, hər biri 4 il olan iki müddətə seçilə bilərlər. Yalnız 1932-ci ildə seçilmiş Franklin Ruzvelt dörd müddət prezident olub. 1951-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəliş prezidentliyə iki müddətlik məhdudiyyət qoyub.
 
Tramp Çin prezidentini tərəfləsə də, Çinin ticarət siyasətini daim tənqid edib.
 
Trampın tərifindən az əvvəl Çin hökuməti Corc Oruellin "Heyvanıstan" romanını qadağan edib.
 
Bundan başqa Sino Weibo mikrobloq saytı üçün axtarışa məhdudiyyət qoyulub, "razılaşmamaq", "şəxsiyyətə pərəstiş", "ömürlük", "ölümsüzlük", "mühacirət" və "abırsız" kimi sözlərin axtarışı məhdudlaşdırılıb.
 
Amma "N" hərfinin niyə qadağan olunduğu başa düşülmür. Belə görünür ki, "N", adətən, etiraz bildirən hərf olduğu üçün axtarışı məhdudlaşdırılıb (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook