Bu gün dramaturq Ağalar İdrisoğlunun doğum günüdür
Mart 16
11:02
2016
Ağalar İdris oğlu Mehdiyev 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd səkkizillik məktəbi və N.Nərimanov adına Masallı 2 saylı orta məktəbi bitirib.
1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyorluğu" fakültəsini və 1986-cı ildə isə Moskvada A.V.Lunaçarski adına Dövlət teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) "Rejissorluq" fakültəsini bitirib.
40 ildir ki, bədii yaradıcılıqla məşğul olur.
34 ildir ki, professional teatr sənətində çalışır. 40-dan artıq rollarda çıxış edib və 96 tamaşaya quruluş verib.
O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət dram Teatrının, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppasının bədii-rəhbər və direktoru olub. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi kimi calışıb.
Yazıçı, dramaturq, publisist kimi "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağaçı", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün səlnaməsi" romanlarının, "Kəfənin geymiş qoca", "Vicdan mühakiməsi", "Ulu tanrı və ağ kəmi əhvalatı", "Şahidin şahidləri və şəhidləri" povestlərinin, "Həyatın astanasında", "Qonaq", "İnan mənə", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "İmam Şamil", "Çarəsiz oyun", "Öz qanunları olan şəhər", "Hörümçək toru" və başqa pyeslərin, 50-dən artıq hekayələrin, esselerin, elegiyaların, 400-dən artıq məqalələrin, ressenziyaların, publissitik yazıların müəllifidir.
Ağalar İdrisoğlu "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənin geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağaçı", "Dünya azərbaycanlıları" (müştərək), "Qaranlığı yaran işıq", (Maarif Teymurla birlikdə), "Bir alimin ömrünün səlnaməsi" və "Vicdan mühakiməsi" kitabları çap olunub.
10-dan artıq topluya isə hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər daxil edilib. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib.
"İnan mənə" pyesi 1985-ci ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsinin qalibi olub.
Quruluş verdiyi A.Həsənoğlunun "Yanmış evin nağılı" tamaşası O. Mirzəyev adına mükafata və A. İdrisoğlunun "Şah İsmayıl" tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Ağalar İdrisoğlu Azərbaycan Yazıcılar Birliyinin və azərbaycan teatr Xadimləri İttifaqının üzvüdür.
25 iyun 2013-cü ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Qlobal.az