SON XƏBƏR

Bu gün Çempionlar Liqasında V tura start veriləcək

Noyabr 22
10:00 2016
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək. "Report"un məlumatına görə, ilk gündə 8 qarşılaşma keçiriləcək.
 
E qrupunda Rusiyanın MOİK klubu Almaniya "Bayer"ini qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə sonuncu pillədən xilas ola bilər. MOİK-in 3-cü pilləyə qalxması digər oyunun nəticəsindən də asılıdır. Bunun üçün qrupa liderlik edən Fransa "Monako"su evdə İngiltərənin "Tottenhem" klubunu məğlub etməlidir. "Monako" qələbə qazanarsa, növbəti mərhələni təmin edəcək. "Bayer" isə növbəti mərhələni erkən təmin etmək üçün bugünkü oyunda 3 xal əldə etməli və Fransa klubunun qalib gəlməsini gözləməlidir.
 
F qrupunda lider olan Almaniyanın "Borussiya" klubu Polşa Legiyasını sınağa çəkəcəksə, İspaniya "Real Madrid"i Portuqaliyanın "Sportinq" klubunun qonağı olacaq. Dortmund təmsilçisi 3 xal sayəsində birinci pillədə möhkəmlənəcək. Madrid klubu qələbə qazanacağı təqdirdə "Borussiya" xal itirsə, birinci pilləyə yüksələcək. Artıq "Borussiya" növbəti mərhələni təmin edibsə, madridlilər heç-heçə sayəsində də buna nail olacaq.
 
G qrupunun lideri İngiltərə "Lester"i qrupun autsayderi olan Belçikanın "Brügge" klubunu sınağa çəkəcək. İngiltərə təmsilçisi heç-heçə sayəsində 1/16 bir finala vəsiqəni rəsmən təmin edəcək. Növbəti oyunda isə "Kopenhagen" və Portuqaliya "Portu"su Danimarkada münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri də oyunu ən azından heç-heçə ilə başa vurarsa, növbəti mərhələyə adını yazdıracaq.
 
H qrupunda da mübarizə əsasən iki komanda arasında gedir. İspaniyada keçiriləcək "Sevilya" - "Yuventus" matçını günün mərkəzi oyunu adlandırmaq olar. Bu görüşün qalibi qrupda birinci yerə sahib çıxmaqdan əlavə, növbəti mərhələyə də vəsiqəni təmin etmiş olacaq. Xorvatiyanın "Dinamo" klubu Zaqrebdə Fransa "Lion"unu sınağa çəkəcək. Zaqreb təmsilçisi ən azından üçüncü yer tutaraq Avropa Liqasına yollanmaq üçün qarşıdakı iki görüşdə mütləq qələbə qazanmalı və bugünkü rəqibinin məğlubiyyətini gözləməlidir.
Çempionlar Liqası, qrup mərhələsi, V tur
 
E qrupu
 
21:00. MOİK (Rusiya) - "Bayer" (Almaniya)
23:45. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)
Xal durumu: "Monako" - 8. "Bayer" - 6. "Tottenhem" - 4. MOİK - 2.
 
F qrupu
 
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Legiya" (Polşa)
23:45. "Sportinq" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
Xal durumu: "Borussiya" - 10. "Real Madrid" - 8. "Sportinq" - 3. "Legiya" - 1.
 
G qrupu
 
23:45. "Lester" (İngiltərə) - "Brügge" (Belçika)
23:45. "Kopenhagen" (Danimarka) - "Portu" (Portuqaliya)
Xal durumu: "Lester" - 10. "Portu" - 7. "Kopenhagen" - 5. "Brügge" - 0.
 
H qrupu
 
23:45. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Lion" (Fransa)
Xal durumu: "Sevilya" - 10. "Yuventus" - 8. "Lion" - 4. "Dinamo" - 0.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook