SON XƏBƏR

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Mart 22
09:22 2016
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).
 
Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946).
 
Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
 
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır.
 
Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.İctimai işlərdə fəal çalışmışdır.
 
Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü ildən bəri), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir.
 
Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "İkinci dünya müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir.
 
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır (04.07.1994).
 
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook