Bu gün Şəkidə II Beynəlxalq Teatr Festivalı açılacaq
Sentyabr 14
23:27
2016
Sentyabrın 15-də Şəki şəhərində "Üç məkan” II Beynəlxalq Teatr Festivalına start veriləcək.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq festivalda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edəcək. Azərbaycan bu festivalda Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə Dövlət
Dram teatrları ilə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də axşam saatlarında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında festivalın təntənəli açılış mərasimi keçiriləcək.
Mərasimdə festivalın təşkilatçı qurumlarının rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, dəvət olunmuş qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak edəcəklər.
Açılış günündə teatrsevərlərə Dövlət Akademik Milli Dram Teatrının hazırladığı C.Məmmədquluzadənin "Ölülər” əsəri təqdim olunacaq.
Sentyabrın 24-dək davam edəcək festivalın bəzi tamaşaları Bakı və Mingəçevir şəhərlərində də nümayiş etdiriləcək.
Qlobal.az