SON XƏBƏR

Bu il Bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb

Oktyabr 31
14:27 2022
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında keçirilən arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatıb.

Bu il Bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb. Yarmarkada iştirak edən hər bir arıçıya satışa maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.

Yarmarkaya qeydiyyat 29-31 avqust tarixlərində onlayn qaydada bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada iştirak edən arıçılar növbəlilik prinsipi ilə müəyyənləşib, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Builki Bal yarmarkasında ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.

Bu il yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu təmsil edən arıçılar iştirak ediblər. Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Qeyd edək ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 45 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə "Keyfiyyətli arıçı” və "Fərqlənmə” sertifikatları ilə təltif olunublar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook