SON XƏBƏR

"Bu qərar xarici investorları, biznes çevrələrini hürküdəcək" - Ekspert

İyul 12
16:11 2016

"Onsuz da Azərbaycanda biznes mühiti yaxşı deyil. Belə bir addımın atılması həm xarici investorları, həm ölkədə fəaliyyət göstərən biznes çevrələrini hürküdəcək".

Bu sözləri "Qaynarinfo.Az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar vasitəsilə pul köçürmələrini nəzarətə götürməsinə münasibət bildirərkən deyib.

Natiq Cəfərli bildirib ki, bunun səbəbi ölkədən valyuta çıxışına nəzarət edilməsinə cəhddir: "Ölkə qanunvericiliyində maliyyə vəsaitlərinin və kapitalın sərbəst dövriyyəsi qanunlarla tənzimlənib. Palatanın belə bir addım atması ən azından hüquqşünaslarla dəqiqləşdirilməlidir ki, qanunvericiliyə uyğundurmu? Bu məsələlərə hüquqşunaslar aydınlıq gətirməlidir. Sadəcə Palatanın bu addımı ölkədən valyuta çıxışına nəzarəti gücləndirmək məntiqi daşıyır. Bu biznes üçün çox pis bir siqnaldır. Rusiyada bu məsələ bir neçə dəfə gündəmə gəldi və qəbul olunmadı. Hətta parlamentdə müzakirəyə çıxarıldı, amma qəbul edilmədi". 

Ekspertin sözlərinə görə, belə bir siqnalın olması biznes üçün hürküdücüdür: "Onsuz da Azərbaycanda biznes mühiti yaxşı deyil. Belə bir addımın atılması həm xarici investorları, həm ölkədə fəaliyyət göstərən biznes çevrələrini hürküdəcək. Belə bir nəzarətin olması sərbəst şəkildə maliyyə dövriyyəsinə mane olacaq. Bu da sonuc etibarilə insanların bank əməliyyatlarından deyil, qeyri-leqal əməliyyatlar həyata keçirməsinə təşviq edə bilər. Bu cür nəzarət mexanizminin tətbiqi müsbət deyil, mənfi nəticələr doğura bilər. Ona görə də bu məsələni çox ciddi şəkildə düşünmək lazımdır". 

Natiq Cəfərli qeyd edib ki, Palata bu qərarı verərkən nəyə əsaslandığını və hansı məqsədlər qoyduğunu izah etməlidir ki, biznes çevrələri bu nəzarətin olmasından çəkinməsin: "Əgər bu baş verməsə, biznes çevrələrində müəyyən sual işarələri yaranacaq. Bundan öncə belə bir təklif olmuşdu ki, Azərbaycandan köçrülən valyuta vəsaitlərinə vergi tətbiq olunsun. 50 min dollardan yuxarı pul göndərənlərə 20 faizini vergi şəkilində tutulması gündəmə gəlmişdi. Bu da böyük rezonans doğurmuşdu. İndi bu addımın atılması yenidən bu məsələni gündəmə gətirə bilər və biznes çevrələrində yeni suallar yaradar. Yaxşı olardı ki, Palata bu addımı niyə atdığını detallı şəkildə izah etsin ki, insanlarda məlumat olsun".

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook