Büdcəni xaraba qoyan MMC Kardiologiya İnstitutunu "abadlaşdırır" - Sənədlər
Yanvar 07
11:10
2022
Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 2021-ci ilin dekabr ayının 28-də "Abadlaşdırma xidməti" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 25.334 manat, qalibi isə "Azlahiyə İnşaat" MMC olub.
"Azlahiyə İnşaat" MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
"Azlahiyə İnşaat" MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar barəsində məlumat yoxdur.
İlginc məqam satınalmada qalib elan edilən "Azlahiyə İnşaat" MMC-nin dövlətə külli-miqdarda vergi borcunun olmasıdır.
Belə ki, hazırda "Azlahiyə İnşaat" MMC-nin dövlətə 874.246 manat vergi borcu var.
Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan təşkilatlar dövlət satınalmalarında iştirak edə bilməzlər.
Qeyd edək ki, Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru tibb elmləri doktoru Gülnaz Dadaşovadır.
Qlobal.az