SON XƏBƏR

Büdcəyə süpürgə çəkənlər: 198.000 manat nəyə xərclənəcək?

İyun 05
11:27 2021
Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi yeni satınalmaya yekun vurub.
 
Binəqədi MKTB-nin cari ilin may ayının 17-də sonlandırdığı satınalma bir çox maraqlı məqamlarla diqqət çəkir. 
 
Qlobal.az xəbər verir ki, Mənzil Kommunal Təsərrüfat Birliyi göstərilən tarixdə "Təsərrüfat mallarının satınalınması" lotu üzrə sifarişçi olduğu 198.000 manatlıq tenderin qalibi "EL SEV LGN" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. 
 


 
"El Sev LGN" MMC 2021-ci ilin fevral ayının 12-də yaradılıb. 
 
Şirkətin hüquqi ünvanı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 9-cu mədən, ev 57 ünvanıdır. 
 

 
2 manat nizamnamə kapitalı olan "EL SEV LGN" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavadov Elvin Zahid oğludur. "EL SEV LGN" MMC-nin nə əlaqə telefonu, nə faktiki ünvanı barədə məlumat yoxdur. Həmçinin bu şirkətin maddi-texniki bazası, sahib olduğu lisenziya və sertifikatlar barədə də bilgilər verilmir. "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
 
Elxan Allahverdiyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı
 
Əməkdaşımız fəaliyyət profili haqqında heç bir məlumat olmayan "EL SEV LGN" MMC-nin hüquqi ünvanında olaraq şirkət barədə məlumat əldə etmək istəyib. Lakin qeyd edilən ünvanda sakinlər belə bir şirkətin olmadığını, Elvin Cavadov adlı şəxsi tanımadıqlarını bildirdilər. 
 
Qeyd edək ki, tender müqaviləsinə görə "EL SEV LGN" MMC Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 132.000 süpürgə satmalıdır. 
 
Burada ilginc olan məqam müqavilə üzrə alınan malın, yəni 132.000 süpürgənin bir ay müddətinə sifarişçi təşkilata çatdırılmasıdır. 2 manat nizamnamə kapitalı olan "El Sev LGN" MMC-nin bunu hansı texniki baza ilə edəcəyi sual doğurur. 
 
 
Elmin Zamanov, Binəqədi rayon MKTB-nin rəisi
 
Digər maraqlı məqam isə Binəqədi MKTB tərəfindən alınan süpürgələrin sərfiyyatı ilə bağlıdır. Belə ki, təşkilatın aldığı süpürgələrin həcmini ilin günlərinə böldükdə hər bir günə (132.000/365) 361 süpürgə düşdüyü məlum olur. 
 
Xatırladaq ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovdur. E.Zamanov 2018-ci ilin noyabr ayında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Elxan Allahverdiyevin təqdimatı ilə bu vəzifəyə təyin edilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook