BÖYÜK QALMAQAL: Azərbaycanda faciəni seriala ''çevirdilər'' -VİDEO
İyun 04
11:34
2016
Azərbaycanda iki ailənin faciəsi seriala ''çevrilib''.
ATV telekanalında yayımlanan ''Dəfnə ağacı'' teleserialında film kadrları deyil, iki ailənin faciəsi göstərilib.
Tovuz sakini Cucux Ələsgərov Criminal.az saytına müraciət edərək bildirib ki, ATV telekanalında yayımlanan ''Dəfnə ağacı'' teleserialında tamaşaçılar aldadılıb. Onun sözlərinə görə, filmin 26-cı seriyasında real qəza kadrını göstərərək bunu tamaşaçılara film çəkilişi kimi təqdim edib. Filmdə göstərilir ki, güya Ağsu aşırımında ağır yol qəzası olub. Sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində bir neçə nəfər adam dünyasını dəyişib. Amma serialda göstərilən kadr onun oğlunun düşdüyü yol qəzasındandır.
C.Ələsgərov deyir ki, 2014-cü il martın 24-də oğlu Elşadın idarə etdiyi ''Mercedes Sprinter'' markalı mikroavtobus Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində ''İkarus'' markalı sərnişin avtobusu ilkə toqquşub. Qəza zamanı oğlu yaralanıb və bir sərnişin dünyasını dəyişib. Bu qəzaya görə oğlu E.Ələsgərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma ''Dəfnə ağacı'' teleserialında oğlumun düşdüyü qəzanın kadrlarından istifadə olunub. Avtomobilinin nömrəsinə qədər görünüb.
Şikayətçi hesab edir ki, serialın rejissoru bu addımı ilə həm tamaşaçılarını aldadır, həm də onsuz da sağalmayan iki ailənin yarasını yenidən qanadır. Qəzada ölən şəxsin valideynləri də filmdə yayımlanan kadrlardan narahatlıq keçirir.
Criminal.az olaraq həmin serialın 26-cı seriyasında şikayətçinin göstərdiyi kadrları tapa bilmədik. Şikayətçi ya kadrların göstərildiyi seriyanı səhv salıb, ya da filmdən həmin kadrlar artıq çıxarılıb.
Məsələ ilə bağlı filmin baş produseri Yaşar Əhmədovla əlaqə saxlamaq mümkün olmadı.
Qeyd edək ki həmin kadrlar aşağıdaki videonun 27.15-ci dəqiqəsindən başlayır.
Qlobal.az