Canni De Byazi: "Qapıya 15 zərbə endirdik, amma qol vura bilmədik"
İyun 07
08:43
2022
"Matça pozitiv başladıq. Komanda kimi inkişaf edirik. Bu, hiss olunur. Qapıya 15 zərbə endirdik, amma təəssüflər olsun ki, qol vura bilmədik".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis görüşün sonlarında Qismət Alıyevin qırmızı vərəqə aldığını xatırladıb: "Nəticə baxımından razı qala bilərik. Amma buraya qələbə üçün gəlmişdik. Qarşılaşmanın sonlarında 10 nəfərlə oynamaq çətin oldu".
İtaliyalı baş məşqçi komandanın oyunundan çox razı qaldığını söyləyib: "İrəliləyiş olduğunu hiss edirəm. Artıq topla daha rahat oynayırıq. Topu hara gəldi, irəli vurmuruq. Sonluqda bir az çatışmazlıqlar var. Birinci hissədə 3-4 real qol şansımız var idi. İstifadə edə bilmədik. Növbəti görüşümüzü qrupun ən güclü kollektivi olan Slovakiya yığmasına qarşı keçirəcəyik. Əminəm ki, meydana çıxan futbolçular yaxşı nəticə üçün sonadək vuruşacaqlar".
De Byazi bu gün Qazaxıstana 0:1 hesabı ilə uduzmasına baxmayaraq Slovakiyanı qrupun ən güclü komandası hesab edib: "Güclülər də məğlub ola bilər. Bu gün onların oyununu izləyəcəyəm. Daha sonra fikirlərimi deyə bilərəm".