SON XƏBƏR

Cavid Hüseynov: “Höccət səviyyəsində futbolçularımız çoxdur”

Sentyabr 06
12:01 2023
Millimizin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində, sentyabrın doqquzunda Belçika, bundan bir neçə gün sonra isə İordaniya ilə yoldaşlıq matçı üçün heyəti açıqlandı. Təbii ki, baş məşqçi Canni De Byazinin siyahısı birmənalı qarşılanmadı və müzakirələrə səbəb oldu. Bəzi futbolçuların kənarda qalması üzündən qınanan italiyalı mütəxəssis, heyətə dəvət etdiyi bir neçə oyunçuya görə də tənqid olundu.

Millimizin sabiq futbolçusu Cavid Hüseynov da yığma ilə bağlı fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında heyəti analiz edib və şansları dəyərləndirib:

"Heyətlə tanış olanda yeni adlar gördüm. Söhbət Yusif İmanovla Emil Səfərovdan gedir. Sevindirici haldır ki, Səfərov gənc, perspektivli futbolçularımızdandır. Bəklkə də yaşına görə heyətdə ən gənc olanıdır. İndidən yığmaya dəvət alması yaxşı haldır. Futbolçu millini hiss edə biləcək, gələcəkdə daha rahat olacaq. Uyğunlaşma dönəmi var, bu müddətdə özünü sıxmayacaq. Yusifi qeyd etmək lazımdır. Bu gün çox yaxşı formadadır, inanıram ki, əlindən gələni edəcək və millidə yerini möhkəmləndirəcək”.

Hüseynov kənarda qalanlar və ən çox müzakirə mövzusu olan Höccət Haqqverdi ilə bağlı da fikirlərini bildirib: 

"Rövlandı, Şəhriyardı, hamısı bizim futbolçulardır. Bugünlərdə yaxşı formadadırlar. Şəhriyar qol vurur, Rövlan da özünü göstərə bilir. Ancaq bu, məşqçinin seçimidir. Deyə bilmərik ki, kimləri seç. Hər kəsin şəxsi fikri var. Önəmli olan nəticəyə cavabdehlik daşıyan baş məşqçidir. Bütün məsuliyyəti o daşıyır. Höccətə gəlincə, bəli, mətbuatı izləyirəm, qınaq obyektinə çevrilib. Bu mövzuda bir söz deyə bilmirəm. Amma onu deyim ki, Höccət səviyyəsində futbolçularımız çoxdur. Yenə də qərar baş məşqçinindir. Eşitdiyimə görə, Höccət öz mövqeyindən narazıdır. Stopper kimi oynamaq istəyir. Ancaq onu cinahlarda oynadırlar. Bunu da nəzərə almaq lazımdır. Düzdür, məşqçi istəyər ki, futbolçu bir neçə mövqedə oynamağı bacarsın. Amma həmin mövqedə nəticə vermirsə, özünü xoşbəxt hiss etmirsə, bu o deməkdir ki, mental olaraq həmin yerdə oynamağa hazır deyil”.

Veteran futbolçu Belçika ilə oyun üçün şansları dəyərləndirib:

"Heyətimiz kifayət qədər yaxşı futbolçulardan komplektləşib. Optimal "11-lik” məşqçinin öz seçimi olacaq. Belçika inkişaf etmiş ölkələrdəndir. Futbolda da sözünü deyən yığmadır. Ona görə də çox çətin olacaq. Amma bu gün futbol oynamaq, nəticə qazanmaq mümkündür. Hazırda yığmanın içərisində olmadığım üçün, futbolçuların inamı, düşüncələri hansı səviyyədədir, bilmirəm. Bir çox məsələlər var ki, bir-birini tamamlamalıdır. Bu səbəbdən heç nə deyə bilmirəm”.
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook