SON XƏBƏR

Cavid Qurbanov "Qələbə" idman klubunun ofisini dağıtdırdı - ŞOK

Mart 08
13:24 2016
Azərbaycanda fəaliyyət göstərən "Qələbə” idman klubunun ofisi yerlə-yeksan edilib. Həmin vaxt klubda əlil idmançılar da olub və onların həyatı təhlükəyə atılıb
 
Politika.Az xəbər verir ki, bu barədə aznews.az-a "Qələbə"nin prezidenti Elnur Şıxəliyev məlumat verib.
 
Onun bildirdiyinə görə, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən klubun ofisi 2014-cü ilin may ayında sökülüb: "Dəfələrlə klubun yerləşdiyi əraziyə gəlib, buranın uçurulacağını deyirdilər. Bildirdim ki, ölkə prezidentinə müraciət edəcəyəm. Xeyri olmadı, dedilər, ürəyin kimə istəyir deyə bilərsən, klub söküləcək, vəssalam”.
 
Əvvəl "Qold Masters" adı ilə fəaliyyət göstərdiyini, 2013-cü ildə isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra "Qələbə” ağır atletika idman klubu adlandığını deyən prezident qeyd edir ki, klubun ərazisini "Əşrəfoğlu” adlı bir şirkət alıb: "Əşrəfoğlu" şirkəti özündən bir sənəd tapıb çıxartdı ki, guya yer onlara məxsusdur. Guya bizə icarəyə verilən sənəd saxtadır. Yer sərəncamda bizim adımıza ola-ola Yasamal Rayon İcra Hakimiyyəti "Əşrəfoğlu" şirkətinə də sərəncam verib. Bundan sonra "Əşrəfoğlu" adlı bir firma III şəxs kimi məhkəmə proseslərinə qoşuldu, müxtəlif maddi maraqları təmin etməklə bizi uduzdurdular. Heç kimə gücümüz çatmadı. "Əşrəfoğlu" şirkətinin sahibi Hacı Namiq Quliyevdir. Bir qram mərhəmət hissi yoxdur. Onun qaynı, əmisi oğlu, sürücüsü mənim yanımda məşq edirdi. "Badu Kubə”, "Təbrik”, "Mübarək” şadlıq evi Hacı Namiqə məxsdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə dəfələrlə görüşmək istədim, amma baş tutmadı. Sonra məni İcra Hakimiyyətinin müavinləri qəbul etdi. Dedilər ki, sizin klubu dağıdan "Əşrəfoğlu" şirkəti olmasına baxmayaraq, bu işin arxasında dayanan Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanovdur. Yasamal Rayon Polis idarəsindən də mənə dedilər ki, klubu söküb-dağıdan Cavid Qurbanovdur. Dedilər, get pulunu da, dəyən zərəri də ondan al. "Əşrəfoğlu” şirkətinin nümayəndələri də dəfələrlə deyiblər ki, bu yer Cavid Qurbanovundur. Cavid müəllimin klubun yaxınlığında evi var”.
 


İşin arxasında doğrudan da Cavid Qurbanovun dayanıb-dayanmaması haqqında dəqiq informasiyası olmadığını deyən E.Şıxəliyevin dediyinə görə, dəfələrlə məhkəmələrə müraciətləri, hətta məhkəmə proseslərində cavabdeh tərəf olmaya-olmaya onların xeyrinə qərar çıxarılması göstərir ki, əsas şəxs hər kimdirsə, heç kəs onun sözünü yerə salmaq istəmir: "Atam qəfil rəhmətə getdiyinə görə rayona gedəsi oldum. Onlar bu vəziyyətdən istifadə eləyib içində əlil idmançılar ola-ola ağır texnikanın gücündən istifadə edib klubu gecəykən dağıtdılar. Mühafizəçilərin iştirakı ilə əlil idmançıları çölə tökdülər. Hətta idmançılarımızdan birini 29-cu polis bölməsinə aparmışdılar. Dəfələrlə 102 xidmətinə müraciət etməyimə baxmayaraq, bizə heç bir əhəmiyyət verilmədi. Rəsmi olaraq polis bölməsinə, Yasamal Rayon Prokurorluğuna müraciət etdim, heç bir orqandan cavab gəlmədi”.
 
Əlillərin qazandığı medalları ayaq altından yığıb evə aparan idmançı ümidinin yalnız ölkə prezidentinə qaldığını deyir: "Mən məcbur olub prezidentə, Mehriban xanıma, Ramil Usubova, Zakir Qaralova məktub yazsam da, heç birindən cavab gəlmədi. Cənab Prezidentin bu məsələdən xəbəri olsa, əminəm ki, öz həllini tapardı. Çox istəyirəm ki, səsim cənab prezidentə çatsın”.
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook