SON XƏBƏR

Cəlilabad sakini FHN-dən şikayətçidir

İyun 25
10:29 2023
Cəlilabadın Sərhədabad kəndində yaşayan Pərviz Ağayev illərdir miopatiya xəstəliyi ilə mübarizə aparır. Kənd sakini orta məktəbi bitirəndən sonra hərəkət qabiliyyətini itirməyə başlayıb. İndi o, ümumiyyətlə, gəzə bilmir. Amma Pərviz Ağayev xəstəliyindən çox, evinin qəzalı vəziyyətdə olmasına görə narahatdır.

"Ev uçsa, şəxsən mən sağ qalmayacağam”

Sərhədabad kənd sakini birinci qrup əlildir. Xəstəliklə bağlı çəkdiyi əziyyət barədə çox danışmaq istəmir. Hətta fotosunun yayılmasını da arzulamır. Pərviz Ağayev ayağa qalxmaq üçün çox çalışıb. Xeyli yerdə müalicə kursu keçib. Son illər ümidsizliyə qapılıb. Hesab edir ki, indi daha çox evinin vəziyyəti haqda düşünməlidir. Çünki uşaqları balacadır, onlar qəzalı tikilidə yaşamamalıdır.

"İki körpə övladım var. Valideynlərimlə yaşayıram. Yaşadığımız ev qəzalı vəziyyətdə olduğundan, hər an uça bilər. İstəyim odur ki, qanunvericiliyə uyğun addım atsınlar. Yeni ev tikilməlidirsə, tiksinlər. Təmir olunmalıdırsa, təmir etsinlər. Mən konkret tələb də irəli sürmürəm. Əlil adamam, körpələrimlə bu vəziyyətdə evdə yaşamalı oluram. Gecə saatlarında bu ev uçsa, faciə baş verəcək, körpələrimlə altında qalacağıq. Bütün günü evdə oluram. Heç yerə çıxa bilmirəm. Bu evdə uçqun olsa, şəxsən mən sağ qalmayacağam. Çox xahiş edirəm ki, nə düşürsə, onu etsinlər”.

Pərviz Ağayev problemin həlli üçün uyğun addımları atıb. O, müxtəlif dövlət orqanlarına müraciət ünvanlayıb, lazımi sənədləri əldə edib. Son söz Fövqəladə Hallar Nazirliyinindir. Amma kənd sakini deyir ki, nazirlik bu il heç bir baxış keçirmədən onun əleyhinə qərar verib.

"Çatlar və deformasiya qeydə alınıb”

Pərviz Ağayev əvvəlcə 2023-cü il fevralın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə zəng vurub. Bundan sonra martın 30-da Geoloji Kəşfiyyat Agentliyinin Axtarış-planaalma və monitorinq şöbəsinin layihə meneceri Temuraz Ələkbərov Sərhədabad kəndinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirib. Bunu özü imzaladığı və möhürlədiyi arayışda da təsdiq edir. Arayışda yazılıb:

"Fərdi tikilinin yerləşdiyi ərazidə çoxillik atmosfer yağıntılarının təsirindən kənd ərazisində yayılmış örtük çöküntülərinin və geoloji quruluşunda iştirak edən bərkiməmiş çöküntülərin su ilə doyması nəticəsində ilişmə qüvvəsinin və süxurların dayanıqlığının zəifləməsi ağırlıq qüvvəsinin təsiri altında sözügedən ərazidə çökmə prosesinin yaranmasına zəmin yaradıb. Bu proseslər nəticəsində tikilinin istinad və çöl divarlarında müxtəlif ölçülü çatlar və deformasiya prosesi qeydə alınıb”.

Hələ 2021-ci il fevralın 19-da tərtib olunan texniki baxış aktında da fərqli şeylər yazılmayıb. Burada "bina texniki cəhətdən yolverilməzdir” ifadəsi aydın oxunur.

Aprelin 14-də Geoloji Kəşfiyyat agentliyinin idarə heyətinin sədri Əli Əliyev Pərviz Ağayevə məktub göndərib. Burada lazımi araşdırmaların aparıldığı, arayışın Cəlilabad Rayon İcra Hakimiyyətinə göndərildiyi bildirilib. İcra hakimiyyəti də mayın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib. Məktubda tədbir görülməsi, vətəndaşa məlumat verilməsi xahiş olunub.

Nazirlik üzərinə məsuliyyət götürmür

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mayın 8-də Pərviz Ağayevin müraciətinə reaksiya verib – Cəlilabad Rayon İcra Hakimiyyətinə məktub göndərilib. İcra hakimiyyəti bununla bağlı kənd sakinini məlumatlandırıb. Agentlik üzərinə məsuliyyət götürmək istəmədiyini bildirir.

İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərlinin imzasıyla vətəndaşa göndərilən məktubda vurğulanıb ki, fiziki və hüquqi şəxslərin mülkiyyətindəki əmlakı sığortalamalıdır.

Qısası, Fövqəladə Hallar Nazirliyi evin sığortalanmadığını, ortada hər hansı müqavilənin olmamasını səbəb göstərir.

Pərviz Ağayev bununla razılaşmaq fikrində deyil. Sərhədabad kənd sakini deyir ki, onun evi məhz fövqəladə hala görə qəzalı vəziyyətə düşüb. Bu, Geoloji Kəşfiyyat Agentliyinin arayışında da əksini tapıb.

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Ərturqut Əliyev Meydan TV-yə bildirib ki, vətəndaşın mülkiyyətinin təmiri və ya bərpası təbii fəlakət halında baş tuta bilər:

"Əks halda, biz bu işə baxa bilmirik. Ev yalnız təbii fəlakət nəticəsində ziyan görərsə, məsələ müzakirəyə çıxarılır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook