SON XƏBƏR

Cəmşid Naxçıvanskini tanıyaq

Mart 10
13:45 2016
Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində baliqci və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Balaca Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.
 
Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur.
 
Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C. Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
 
Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi fəaliyyəti 15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.
 
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
 
1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçmişdir.
 
Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır. C. Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
 
1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur.
 
O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdu.
 
1930-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbali xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtmişdir.) sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
 
Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi. O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu. C. Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi.
 
O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.
 
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı.
 
Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.
 
Məlumat vikipediyadan alınmışdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook