SON XƏBƏR

Cənubi Koreya müxalifəti prezidenti dövlətə xəyanətdə ittiham etməyi planlaşdırır

Dekabr 04
11:00 2024
Cənubi Koreyanın müxalif Demokrat Partiyası prezident Yun Sok Yelin ölkədə hərbi vəziyyət elan etməsi fonunda onu dövlətə xəyanətdə ittiham etmək və impiçment prosedurunu başlatmaq niyyətindədir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap” informasiya agentliyi yazır. 

"Əsas müxalif Demokrat Partiyası bəyan edib ki, Yunu, eləcə də onun müdafiə və daxili işlər nazirlərini dövlətə xəyanətdə ittiham edəcək və bu addımlara görə onları məsuliyyətə cəlb etmək üçün impiçment elan edəcək", - agentlik qeyd edib.  

Demokrat Partiyasının lideri Li Ce Men hərbi vəziyyətin elan edilməsini "qanunsuz" adlandırıb və Yunu "artıq Cənubi Koreyanın prezidenti deyil" deyə bəyan edib.  

Parlament təklifin plenar iclasa çıxarılmasından sonra 72 saat ərzində impiçment prosedurunun başlanmasına səs verməlidir. Bunun üçün 300 üzvdən ibarət parlamentdə üçdə iki çoxluq lazımdır.  

Agentlik qeyd edir ki, Demokrat Partiyası və digər kiçik müxalifət partiyaları birlikdə 192 yerə malikdir. Bu isə o deməkdir ki, impiçmentin qəbul edilməsi üçün hakim partiyanın 108 deputatından ən azı səkkizinin dəstəyi tələb olunur.  

Əgər impiçment uğurla həyata keçirilərsə, Yunun vəzifədən uzaqlaşdırılmasının qanuni olub-olmadığına dair qərarı Konstitusiya Məhkəməsi verəcək.  

Məhkəmədə işin baxıldığı müddətdə Yunun konstitusiya səlahiyyətləri dayandırılacaq. Prezidentin vəzifələrini Baş nazir Xan Dak Su icra edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook