SON XƏBƏR

"Cəriməni bu qədər qaldırmaq olmaz" - Qüdrət Həsənquliyev

Fevral 23
13:50 2024
İnzibati tənbehin məqsədləri ilə cəzanın tətbiqi anlayışları tamamilə fərqlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törətmiş şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır: "345 manat minimum əməkhaqqı olan ölkədə cəriməni birdən birə 40 manatdan 200 manata qaldırmaq haradan tənbeh olur?! Bunun harası şəxsi tərbiyələndirməkdir?! Məhrumiyyət yaratma yalnız cinayət əməlinə görə olmalıdır. Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil. əgər şəxs əməlindən peşman olmursa, eyni əməli il ərzində təkrarlayırsa, onun üçün cinayət məsuliyyəti müəyyənləşdirək, yoxsa, cəriməni bu qədər qaldırmaq olmaz”.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook