Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - İstintaqını DTX aparacaq
Yanvar 24
09:41
2024
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.
"Report" xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.
Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər hazırda ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.