SON XƏBƏR

Coca-Cola: Sudan istifadə tariflərinin yüksəldilməsi bizə ciddi təsir edir

İyul 27
09:15 2016
"Bizim məhsullarımızın gəlir marjaları yüksək deyil. Azərbaycanda sudan istifadə tariflərinin yüksəldilməsi nəticəsində dolayı olaraq maliyyə baxımından yaranan kiçik fərq bizə ciddi təsir edir”.
 
Bunu jurnalistlərə açıqlamasında "Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel bildirib.
 
Onun sözlərinə görə, şirkətin istehsal etdiyi məhsullarının 80-90%-i içməli sudan ibarətdir. Lakin baş verənlərə baxmayaraq, milli valyutanın devalvasiyasından sonra şirkət bu cür halları daxilində həll etməyə çalışır:
 
"Digər tərəfdən, gələcəkdə də investisiya yatırmaq istəyirik. Çünki bu, Azərbaycan şirkətidir. Regionda nümunəvi şirkətdir, Azərbaycanın qürurudur. Hesab edirik ki, hazırda müşahidə edilən iqtisadi böhran tez keçəcək və bunun üçün əlimizdən gələni edirik. Bu gün tam şəffaf şəkildə və yüksək standartlarla xidmət göstəririk”.

SƏRİN HAVA SATIŞLARI AZALDIR
 
"Azerbaijan Coca-Cola Bottlers”in bu vaxta qədər Azərbaycan iqtisadiyyatına toplam olaraq 200 mln. dollar investisiya yatırdığını deyən şirkətin baş direktoru gələcəyə dair planların bundan sonra bütövlükdə bu sənayeninin necə inkişaf edəcəyindən asılı olduğunu düşünür:
 
"1994-cü ildən Azərbaycanda fəaliyyətə başlamışıq və illərdir yüzlərlə insan işlə təmin edilib. Biz Azərbaycanda ixracatçı ölkəyə çevrilmişik. Azərbaycanda yetişən kadrlarımız başqa dövlətlərdə mütəxəssis kimi çalışırlar. Biz iş yerləri və işçilərimizin sayını artırmaq istəyirik. Lakin son 2 ildə gözlənilməyən hadisələr şirkətin reallaşdırdığı satışın həcmini azaldıb. Çünki şirkətin fəaliyyətində mövsüm əsas amillərdən biri hesab olunur. Məsələn, yanvar ayında 10 kaset məhsulun satışı reallaşırsa, iyulda bu göstərici 80 kaset təşkil edir, fərq 8 dəfə dəyişə bilər. Bundan başqa, son 3-4 gün ərazində Azərbaycanda hava şəraiti nisbətən sərin keçib və bu amil dərhal özünü satışda göstərib, satışın həcmi aşağı düşüb. Odur ki, konkret şəkildə proqnoz söyləmək çox çətindir. İki ildir (2014-2015-ci illər) reallaşdırdığımız satışın həcmi azalıb. Eyni zamanda, ümumi olaraq bazarda istehlak həcmi azalıb və bu şirkətə təsir edib, satışda azalma qeyd alınıb. 2015-ci ildə müvafiq göstərici üzər satışın həcminin 20% azalması qeydə alınıb, bu il də satışın azalması gözlənilir. Lakin bütün bunlara rəğmən, Azərbaycanın gələcəyinə inamımız böyükdür”.
 
Qeyd edək ki, "Azerbaijan Coca-Cola Bottlers” 2015-ci ildə daxil olmaqla, dövlət büdcəsinə 366 mln. manat həcmində vergi ödəyib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook