Daha bir tender "əjdahası": "ATF" MMC-ni Saleh Məmmədova nə bağlayır?
İyul 13
21:12
2021
Dövlət qurumlarının sevimli tender partnyoruna çevrilmiş "ATF” MMC – Milyonların yuyulduğu şirkətlə bağlı Valyuta.Az-ın araşdırması
Azərbaycanda dövlət qurumlarının bahalı tender layihələri vasitəsilə hər il dövlət büdcəsinə külli miqdarda ziyan vurulması kimsəyə sirr deyil. Qurumların bu maxinasiyalarında isə onlara müxtəlif şirkətlər yardımçı olur. Bu yazımızda həmin şirkətlərdən biri olan "ATF” MMC-dən bəhs edəcəyik. Beləliklə...
"ATF” – Üç qardaşın bir şirkəti
İndi isə adıçəkilən şirkətin tenderlər vasitəsilə neçə milyonluq dövriyyəyə malik olduğunun statistikasına nəzər salaq.
ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər "qazanıb”. Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.
AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan "ATF” MMC şirkəti gəlir.
Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı məlumatlara rast gəlmək olmur. Əgər belə olmasaydı, o halda, tenderin nəticələrini etender.gov.az vahid portalında görmək olardı.
Saleh Məmmədovun "ATF" MMC ilə "iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq "ATF" MMC-nin tenderdə "udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.
"ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub.
Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə "işləməyə”, "ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.
"Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat...
"ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi, həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.
AAYDA kimi dayağı olan "ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin "qalibi” olmaqla milyonlarla manat dəyərində layihə icra edib.
Ümumilikdə, "ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65 tenderin "qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. "ATF” MMC Göyçayda sadəcə yol çəkməyib. Şirkət həm də abadlıq işlərinin icrasını həyata keçirib, orta məktəb tikintisi aparıb və s.
"Azərsu” ASC-dəki partnyor – Etibar Məmmədov
Amma "ATF” MMC digər dövlət qurumlarının həyata keçirdiyi tenderlərin də qalibidir və bu baxımdan şirkətin "Azərsu” ASC ilə də "əl əli yuyar, əl də üzü” prinsipi ilə işbirliyi mövcuddur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Qorxmaz Hüseynovun vaxtında "Azərsu”da tenderlərin və digər iri layihələrin reallaşdırılmasına qurumun sədr müavini Etibar Məmmədov nəzarət edib. Onun "ATF” MMC və onun rəhbəri Azad Muradovla tanışlığı da həmin tenderlərdə pulun silinməsi prosesi ilə başlayıb.
"ATF” MMC "Azərsu”nun sifarişi ilə ölkənin müxtəlif rayon və şəhərlərində müəmmalı tender layihələrini icra edib və məhz bu şirkətin qalib elan olunmasında Etibar Məmmədovun müstəsna əməyi olub.
Qlobal.az