SON XƏBƏR

Daha bir yüksək vəzifəli məmurun dəbdəbəli sarayı

Oktyabr 31
16:25 2015
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra yüksək vəzifəli şəxslərin var – dövləti, möhtəşəm sarayları medianın gündəminə gəlib.
 
Azpolitika.info Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun qəsr kimi villasının fotolarını dərc edib.
 
Sayt yazır ki, 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Xəbərə görə, rəisin Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görülməkdədir: "Fotodan da göründüyü kimi, bu ev deyil, heç villa da deyil – sözün əsl mənasinda şah sarayıdır! Məlumat üçün bildirək ki, Bilgəh qəsəbəsində nazir Kəmaləddin Heydərovun da villası var, amma şahidlərin bildirdiyinə görə heç bunun yarısının yarısı qədər də deyil...”.
 
Sayt həmçinin C. Xanlarovun təkcə Azərbaycanda deyil, xaricdə də tikinki işləri apardığını qeyd edir: "Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təkcə tikintilərə "nəzarət etməklə” kifayətlənmir, özü də tikir. Özü də çox şey tikir – Dubayda oteldən belə. Nə işdirsə, tikdiklərini də dəfələrlə baha qiymətə sənədləşdirir. 100 manat verdiyi işçiyə 500 manata imza atdırır, 50 manata aldığını 150 manat yazır…
 
Bu çox maraqlı və dərindən araşdırılmalı məsələdir. Kim kimə atır bu oyunda? Dağıdılan, talanan milyonlar kimin puludur? Bu korrupsiya mexanizmi "yuxarıya” doğru hansı səviyyəyədək qalxır? Məlumata görə, ötən il ötəri yoxlama nəticəsində C.Xanlarovun dövriyyəsində 95 milyon manat kəsir çıxıb. O, baş ofisi Dubayda yerləşən "AZTRANS” beynəlxalq yükdaşıyıcı şirkətindəki payını sataraq, bu kəsiri bağlayır”. Sayt C.Xanlarova FHN-in birinci müavini Rəfail Mirzəyev tərəfindən himayədarlıq edildiyini də bildirib.
 
Azərbaycanda narazılıq yaradan sahələrən biri də tikinti sektorudur. Prezidentin son günlər imzaladığı sərəncam və fərmanlarda da bu sahədəki problemlərin tənzimlənməsi nəzərdə tutulur. Konkret olaraq dünən dövlət başçısının imzaladığı "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərmanda "çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi” nəzərdə tutulur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook