SON XƏBƏR

"Daşkəsən Filizsaflaşdırma" ASC ən azı 110 mln. manata satılacaq

Noyabr 21
10:29 2016
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22% səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
 
Komitədən "Report"a bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müsabiqə Komissiyasının qərarına əsasən, "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlət səhm zərfinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 mln. manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 mln. ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. Bununla belə, 1 min iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.
 
İddiaçılar 3 illik dövrü əhatə edən İnvestisiya Proqramı (biznes-plan) təqdim etməlidir. Bu Proqramda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı təkliflər verilməlidir. Bu təkliflər özündə yataqlardakı dəmir filizinin illik hasilatının həcmi (təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla), yeni iş yerləri, büdcəyə köçürüləcək vəsait, müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri barədə tədbirləri əks etdirməlidir. Şərtlərə əsasən, yerli xammal bazasında rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixracyönümlü polad məhsulların istehsalı ölkə daxilində təşkil edilməlidir. İnvestisiya Proqramında xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən klasterin qurulması ilə bağlı təkliflər də əksini tapmalıdır.
 
Müsabiqə qalibi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir sıra öhdəlikləri yerinə yetirməlidir. Belə ki, dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi vəsaitin beh şəklində nəzərdə tutulan məbləğdən az olmayan hissəsini dekabrın 30-dək büdcəyə köçürməlidir. Sonra 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir. Səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsi təmin edilməlidir. Habelə, investisiya qoyuluşunu İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirməlidir.
 
Müsabiqə təkliflərinin qəbulunun son tarixi dekabrın 19-dur, təkliflərin qiymətləndirilməsinə başlanılması tarixi isə dekabrın 20-si müəyyən edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook