"Daşkəsən Filizsaflaşdırma"nın səhmlərinin satışı ilə bağlı investisiya müsabiqəsi davam edir
Aprel 11
20:12
2017
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı ilə əlaqədar zəruri işlər davam etdirilir.
Komitədən Trend-ə verilən xəbərə görə, müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə "KPMG Azerbaijan Ltd.” şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib.
Prosesə strateji investorların cəlb edilməsi məqsədi ilə regionda və dünyada tanınan metallurgiya şirkətlərinə ünvanlı müraciətlər göndərilib, onlar investisiya müsabiqəsində iştiraka dəvət olunub. Bu günədək Komitə tərəfindən 40-dan artıq polad istehsal edən şirkətlərlə təmaslar qurulub, maraq göstərən potensial investorlara məlumatlar təqdim edilərək onların sualları cavablandırılıb. Eyni zamanda, layihə haqqında ABŞ, Türkiyə, Gürcüstan və s. ölkələrin şirkətlərinə müxtəlif beynəlxalq konfrans və biznes-forumlarda ətraflı təqdimatlar edilib.
Ayrı-ayrı nüfuzlu layihə institutları və konsaltinq şirkətlərinin müxtəlif vaxtlarda apardıqları tədqiqatlara əsasən, ildə 1 mln. ton polad məhsullarının istehsalı məqsədi ilə Azərbaycanda xammaldan son məhsula qədər istehsal zəncirinə daxil olan zavodların inşası və avadanlıqla təminatı üçün minimum 600 mln. ABŞ dolları məbləğində kapital qoyuluşu tələb olunur. Məhz buna görə, ölkənin strateji aktivi hesab olunan "Daşkəsən Filizsaflaşdırma”nın bazasında idxalı əvəz edən əlavə dəyərli son məhsulların istehsalını təmin edəcək investisiya proqramı üçün potensial iddiaçılar qarşısında həmin məbləğdə investisiya qoyuluşları şərtinin müəyyən edilməsi məqsədəuyğun hesab olunub.
İnvestorun ciddiliyini və kifayət qədər maliyyə imkanlarına malik olmasını təsdiq etmək baxımından müsabiqənin ilkin şərtlərindən biri kimi 5 il ərzində icra olunacaq layihənin ümumi investisiya məbləğinin 10%-i (100 mln. manat və ya ABŞ dollarının cari kursu ilə təqribən 60 mln. dollar) məbləğində dövlət büdcəsinə hissələrlə ödəniş etməsinə dair öhdəlik götürməsi müəyyən olunub.
Beynəlxalq standartlara əsasən aparılan qiymətləndirmə zamanı 2017-ci il üçün 62%-lik dəmir filizi konsentratının proqnoz qiyməti 48 dollar götürülsə də, hazırda dünya bazarlarında konsentrat qiymətləri 82 dollara qədər bahalaşıb. Buna baxmayaraq, layihənin özəlləşdirmə cəlbediciliyini qorumaq üçün müsabiqə komissiyası tərəfindən dövlət büdcəsinə ödənişin məbləği hələlik artırılmadan saxlanılması qərara alınıb, bu qiymətin kəskin artacağı halda isə büdcə ödənişinə yenidən baxılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, 2012-2013-cü illərdə dünya bazarındakı qiymətlər 136 dollaradək yüksəlib. Göründüyü kimi, dəmir filizi ehtiyatlarının həcmi 270 mln. ton olan ASC-ni özəlləşdirməklə, onun mədənlərindən istifadə hüququnu əldə edəcək investorun gələcək pul axınlarının geriyə doğru diskontlaşdırılmış indiki dəyəri nəzərə alınarsa, investor qarşısında qoyulan şərtlərin ədalətli və əhəmiyyətli dərəcədə güzəştli olduğu hesab edilə bilər.