SON XƏBƏR

Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi

Sentyabr 15
23:25 2020
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri zamanı 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edib.

İnstitutdan Trend-ə bildirilib ki, ekspedisiyanın rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun verdiyi məlumata görə, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə qazıntıya cəlb edilərək tədqiq edilib. Tədqiq edilən kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla, üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla, sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn edilib. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun son tunc-ilk dəmir dövrü ilə tarixlənərək, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.

Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkar edilib. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı bir dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilib. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkar edilmiş dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.

Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq edilib. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədədə tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insana məxsus skeletin qalıqları aşkar edilib. Arxeoloji abidələrdən aşkar edilmiş nümunələr laborator şəraitdə tədqiq edilmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntılar və onlardan əldə edilən elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünya görüşləri, dəfn adətləri və ümumilikdə, bəhs edilən dövrün tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook