SON XƏBƏR

Deputat: "Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti bundan sonra da doğma Azərbaycanımızın hərtərəfli inkişafını təmin edəcək"

İyun 19
14:30 2023
"2018-ci ilin aprelin 11-də sayca səkkizinci olan, vətəndaşlarımızın 74,3 faizinin iştirakı ilə azad, şəffaf, demokratik şəraitdə keçirilən növbədənkənar Prezident seçkiləri seçicilərimizin mütləq əksəriyyətinin, başqa sözlə, 86,02 faizinin səsini qazanan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin növbəti parlaq qələbəsi ilə əlamətdar olub. Cəmiyyətimizin iradəsini tam dolğunluğu ilə əks etdirən bu seçkilərin nəticələri bir daha onu göstərdi ki, xalqımız görülən işlərə yüksək dəyər verməklə ən doğru seçimini edərək dayanıqlı sabitliyə, davamlı inkişafa və nikbin gələcəyə səs verib”.
 
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və nəticəyə hesablanan uğurlu daxili və xarici siyasət sayəsində 2003-2018-ci illər Azərbaycanın tarixinə sosial-iqtisadi yüksəliş, etibarlı tərəfdaş və regionun lider dövləti olaraq beynəlxalq imicinin möhkəmlənməsi dövrü kimi  daxil olub.

Həmin illərin statistik göstəricilərinə diqqət çəkən deputat dövlət başçısının "Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrinə istinadən ardıcıl və sistemli islahatların məntiqi nəticəsi olaraq bu dövrdə ümumi daxili məhsulun 3,2 dəfə, büdcə gəlirlərinin 13,5 dəfə, strateji valyuta ehtiyatlarının 26,6 dəfə artdığını və maliyyə imkanlarımızın əsaslı şəkildə yaxşılaşdığını qeyd edib.

Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə çoxalıb, regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, maaşlar 7 dəfə, pensiyalar 10 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

Milli Məclisin üzvü bildirib ki, 2003-2018-ci illər ərzində sosial infrastrukturun inkişafı təmin edilib, 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb, 15 min kilometr yeni yol çəkilib, 30 elektrik stansiyası, 4 su anbarı, altısı beynəlxalq statusa malik olan 7 aeroport istifadəyə verilib.

Sözügedən illərdə dünyada ən çox islahat aparan 10 dövlətdən biri kimi tanınan Azərbaycan müasir qlobal çağırışlara daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verib, yüksək texnologiyaları sürətlə tətbiq edib və məhdud sayda üzvü olan kosmik ölkələr klubuna daxil olub. Təsadüfü deyil ki, bəhs olunan dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfüzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilib və ölkəmizin qlobal rəqabətlilik indeksindəki mövqeyi güclənib. Belə ki, Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb.

Eyni zamanda, bu illər ərzində Azərbaycanın Silahlı Qüvəlləri sürətlə inkişaf edib, təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya  ordumuzun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. Məhz bunun məntiqi davamı olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuz şanlı qələbə qazanıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib.

2003-2018-ci illər həmçinin, milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi səciyələnib, dövlət başçımız milli ideya ətrafında xalqımızı birləşdirib və Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub.

A.Vəliyev vurğulayıb ki, konseptual baxımdan sadalanan bütün bu nailliyətlərin əsasında cənab Prezidentin uğurlu dövlət siyasəti, onun xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsi, tükənməz vətəndaş etimadı və  sarsılmaz iqtidar-xalq birliyi dayanır.

Hər zaman olduğu kimi, xalqımız bu gün də əmindir ki, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti bundan sonra da doğma Azərbaycanımızın hərtərəfli inkişafını və müasir dünyamızın qlobal çağırışlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook