SON XƏBƏR

Dezinformasiyalara son qoyulması dünya mediasına mesaj oldu

İyul 24
10:46 2024
Cari ilin iyul ayının 20-də Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq ölkənin nümayəndələrinin təmsil olunduğu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi. 
     
Forumda əsas məqamlar dezinformasiyanın təsiri, siyasət və təşəbbüslər, ən mühümü isə Prezident İlham Əliyevin çıxış və tövsiyəsi oldu. Süni intellekt, media sahəsində məlumatlandırma və iqlim dəyişikliyi də müzakirə mövzusu oldu. Təbii ki, belə bir tədbirdə bütün diqqət dövlətimizin başçısının nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına, habelə həqiqəti cəsarətlə deməsinə yönəlir. Bu dəfə də gözlənilənlər baş verdi. Prezidentin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı çox nikbindir. Cəmiyyətimiz yenidənqurma, tikinti-bərpa işlərinə çox həvəslə yanaşır. Hətta bir sıra xarici ölkə şirkətləri də bu işlərə həvəslə girişiblər.
     
Dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Azərbaycan uzun illər dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə, təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalması absurd vəziyyət idi.
     
Cənab Prezident ABŞ-ın aparıcı media qurumlarının da yalan xəbərlər yaydığını diqqətə çatdırdı. Bildirdi ki, sabiq Prezident Donald Tramp "Vaşinqton Post”u və "Nyu-York Tayms”ı "feyknyus”, yəni yalan xəbər mənbəyi adlandırıb. Bir çox xalqın və ölkənin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Trampın səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
     
Tədbir iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Bununla yanaşı, ölkəmiz "OPEC Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir.
     
Bəzi ölkələr, xüsusilə, Fransa mediadan istifadə edərək ölkəmizi ittiham edir, guya, Azərbaycanın onların daxili işlərinə qarışması barədə fikirlər səsləndirir ki, bütün bunlar Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə salmasıdır. Təəssüf ki, Avropa İttifaqında, BMT-də Azərbaycana qarşı soyuq müharibə əlamətləri özünü açıq şəkildə büruzə verir. Buna baxmayaraq, Azərbaycan kolonializmdən əziyyət çəkən xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.
     
Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Azərbaycanın öz siyasəti, baxışları var, hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tutur.
 
Tudə Talıbova 
         
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook