Dilavər Əzimli: “Azərbaycandakı kürdlərin İraq kürdləri ilə heç bir etnik bağlılığı yoxdur”
Oktyabr 04
10:24
2017
"Vahid kürd xalqı yoxdur”
Sentyabrın 25-də Şimalı İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan sonra dünyanın müxtəlif ölkələrində yaşayan kürdlər arasındakı fərqlər və oxşar cəhətlər ciddi müzakirə olunur. Azərbaycanda da bu mövzu aktuallığını son günlərdə daha da artırıb.
Buna səbəb də Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin və Laçın rayon sakini, "Azəravtoyol” İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlu kimi məmurların kürdlərin referendumuna açıq dəstək vermələri oldu. Onların bu mövqeyi ciddi tənqid olunmaqla yanaşı, Azərbaycanda yaşayan kürdləri İraqda və digər yerlərdə yaşayanlarla eyniləşdirməyin əleyhinə çıxanlar əksəriyyət təşkil edir. Arqument kimi də indiyə qədər ölkəmizdə heç zaman kürd probleminin olmadığı, azərbaycanlılarla kürdlərin qaynayıb-qarışmaları və torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz uğrunda bu xalqın bizimlə bərabər döyüşdüyü, şəhid verdiyi və qəhrəmanlıq nümayiş etdirdiyi göstərilir. İki şəxsin timsalında bir xalqa eyni gözlə baxmağın düzgün olmadığı vurğulanır. Hər xalqın daxilində xainlərin hər zaman olduğundan söz açılır.
Tarixçi alim Dilavər Əzimli "Yeni Müsavat”a açıqlamasında Azərbaycan və İraqdakı kürdləri müqayisə etdi: "Araşdıraq görək Azərbaycanda nə qədər kürd kəndi var. Laçın, Kəlbəcər və Qubadlıda kürd kəndləri olub, 4, 7 və s. kimi kürd kəndlərimiz olub. 10-dan yuxarı kənd olmayıb. Zaman-zaman oradakı insanları kürd adlandıraraq, Kürdüstan yaratmağa çalışırdılar. Bu siyasət əsasən özünü qabarıq şəkildə sovet dövründə göstərdi. O dövrdə bu istiqamətdə geniş təbliğat aparırdılar. Halbuki kürdlərin çoxunun əsl kökü türklərə gedib çıxır. Azərbaycandakı kürd qardaşlarımız Dağlıq Qarabağ savaşında bizim kimi vuruşublar, misilsiz qəhrəmanlıq göstəriblər. Bu gün də həmin şey davam edir. Sadəcə, İraqdakı kürdləri gizli əllər hərəkətə gətirir. Ölkəmizdəki kürdlərin bizə qarşı düşmən mövqelərini görmürəm. Sadəcə, onlara münasibətdə digər xalqlarla münasibətdən fərqli olaraq, azərbaycançılıq mövqeyindən çıxış etməyi bacarmalıyıq. Təəssüflər olsun ki, bu istiqamətdə iş aparanlar məqbul deyillər. Elə insanlar bu proseslərə cəlb olunmalıdır ki, onlarla söhbətdə nəticə qazandırmağı bacarsınlar”.
D.Əzimli kürdlər haqqında indiyə qədər ən dəqiq məlumat verən şəxsin kimliyindən də söz açdı: "Tarixdə kürdlər haqqında ən dəqiq məlumatı Şərəf xan Bitlisi verib. Onun kürd olması mübahisəlidir. Əslində Bitlisdə yaşayan bir insandır və onun kürd olduğuna inanmıram. Sadəcə, bəzi mənbələrdə bu cür qələmə veriblər. O, kürdlərin içərisində yaşayaraq, bizə bəzi nümunələr verib. Şərəf xanın kürdlərin yaranma tarixini çox gözəl təsvir edib. Orada göstərir ki, vahid kürd xalqı yoxdur. Hətta qeyd edir ki, kürd tayfaları arasında belə heç zaman birlik olmayıb. Sadəcə, kürdlər əkinçi, maldar tayfalar olublar. Heyvanlarını otarmaq üçün bu otlaqdan o otlağa gediblər. Şərəf xan ən müxtəlif kürd tayfalarının adlarını çəkib. Kürdlərin vahid şəkildə olmaları barədə isə heç bir məlumat vermir. Sadəcə olaraq, sonradan bu məsələni qabartdılar. XVIII əsrdən başlayaraq müxtəlif dövlətlərin ərazilərində Kürdüstan yaratmaq ideyasını ortaya atdılar. Bu ideyanın da mərkəzi nöqtələrindən biri Azərbaycan idi. Buna görə də ölkəmizdə bu təbliğatı qurmağa başladılar. Onların təbliğatları müəyyən qədər yol oynadı. Müstəqil olandan sonra bu təbliğata qarşı ideoloji bir sistem qoymalı idik. Bu ideoloji sistem isə milli məsələdən keçirdi. Yəni burada yaşayan kürdlərə azərbaycançılıq dərsini keçməyi nəzərdə tuturam. Tam əminliklə deyə bilərəm ki, Azərbaycandakı kürdlərin İraq kürdləri ilə heç bir etnik bağlılığı yoxdur. Sadəcə olaraq, sovet təbliğatı öz işini görüb. Bu baxımdan, müəyyən fikirlər formalaşıb. Bunu çox asanlıqla yox etmək olar. Bu istiqamətdə görülən işlərin kökündə isə hələ ki bu fəaliyyəti görmürük”.Musavat.com