SON XƏBƏR

Dosent: "Fərəh Əliyeva və Ceyran Mahmudova sayəsində universitetdə teatr sənəti geri düşdü"

Sentyabr 17
10:54 2019
Məlum olduğu kimi Mədəniyyət və İncəsənət Universitetində 30-dan çox müəllim işdən azad edilib.

İşdən çıxarılanların siyahısında olan, universitetin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Məleykə Alıoğlu BakuPost-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq olub:

"Mənim rektorla heç bir münaqişəm olmayıb. Dərslərdə və məşqlərdə üzdə səmimilik görmüşəm. Yəni rektor-müəllim kimi münasibətlərimiz qaydasında olub. Amma baş verəndən sonra anlamışam ki, sən demə, mən də növbəti hədəflərdən biri olmuşam. Biz müəllimlər 5 ildən bir seçki yolu ilə öz yerimizə təsdiq olunuruq.

Mənim növbəti 5 ilim tamamlananda, bundan xəbərim olmayıb. 2017-ci il noyabrın 18-19-da rektor Fərəh Əliyevanın qəbulunda olmuşam ki, səhhətimlə bağlı mənə öz hesabıma minimum 1 aylıq məzuniyyət versin. Rektorun qəbuluna getməzdən əvvəl 2-3 dəfə ard-arda tibbi bülleten vermişəm və bülletenin vaxtı bitəndən sonra onun yanında olmuşam. Çünki özümü yaxşı hiss etmirdim və müalicəyə ehtiyacım vardı.

Buna görə də rəsmi şəkildə ərizəylə rektora müraciət etdim. O da mənə guya, ərklə "Məleykə, sən bizim əzizimizsən, ərizəyə ehtiyac yoxdur” dedi. Sonra Kadrlar şöbəsinə zəng etdi və dedi ki, "dekabr ayında seçkindi, qal və 2-3 ay işlə, sənə istədiyin qədər zaman verəcəm”. Mən isə auditoriyaya həmişə böyük şövqlə girən adam olmuşam. O halımla tələbələrin qarşısına çıxmaq istəmirdim. Soruşdum ki, bəs başqa variant nədir? Dedi ki, "işdən çıxmaq haqda ərizə ver, növbəti sentyabr ayı gələndə səni işə qaytararam”. Rektora dedim ki, 2-3 gün düşünüm, qərarımı bildirəcəm”.

Məleykə Alıoğlu deyir ki, onu gözləməyən keçmiş rektor Fərəh Əliyeva qəzetə seçki ilə bağlı elan verib: "Halbuki, "düşünəcəm” deyib səhhətimdəki problemlər üzündən 3 günlüyə getdim, bir də gördüm ki, noyabrın 23-də elan verib”.

Sağlamlıq durumu pisləşdiyi üçün bir neçə günlük işə gedə bilməməsi Məleykə Alıoğlunun işdən çıxarılmasına bəhanə olub:

"Mənə xəbərdarlıq etmədən, evimə xəbərdarlıq məktubu göndərmədən 5 ilimin tamam olması ilə əlaqədar dekabrın 1-də əmr verib. Lakin mən köhnə müqaviləmə baxanda gördüm ki, mənim seçkim noyabrda olub. Yəni noyabrın 1-i elan verilmişdi və mən öz yerimə noyabrın 31-də təsdiqlənmişdim. Son seçkidə isə elan noyabrın 23-də verilib. Bunu qəsdən ediblər ki, şikayət etmək haqqımı itirim. Üstündən bir ay keçməliydi. Mənə xəbər göndərilməliydi ki, işə bərpa üçün öz yerimə ərizə verim. Deməli, rektor mənim elanımı 23 gün qəsdən gecikdirib, 1 həftə sonra da əmrimi verib. 1 il yarımdır ki mən bu vəziyyətdəyəm.
Fərəh xanım sonra başqa vəzifəyə təyin olundu, yeni rektor da bir az gec gəldi. Mən prorektora müraciət etdim.

Daha sonra Prezident Administrasiyasına – Fərəh Əliyevanın yanına getdim. Mənə dedi ki, səni yeni rektora tapşırmışam, gələn kimi get yanına. Getdim, yeni rektor dedi ki, sənin adına dərs saatı yoxdur, növbəti sentyabrı gözlə. Bu sentyabrda da getdim, dedi ki, müəllimlərimi çıxara bilmərəm. Halbuki, onlar yarımştat işçidilər, amma mənim ilk iş yerim ora olub. Mən Universitetin tam ştatlı müəllimi olmuşam, o kafedrada yeganə elmi dərəcəsi olan müəlliməm. Fərəh xanım yanına ancaq öz yaxınlarını yığdı.

Rəssamlıq Akademiyasından nöqsanlara yol verdiyinə görə işdən çıxarılan Validə xanım indi bizim Universitetdə prorektordur. Ümumiyyətlə, Fərəh xanımın da, hazırkı rektor Ceyran xanımın da dövründə bütün hər şey Validə xanımın əlində oldu. Validə xanım da sağına da "çapır”, soluna da…”.
Məleykə Alıoğlu bildirir ki, onun rektorla şəxsi problemi olmayıb:

"Amma ümumi problem olub. Çünki mən onun kadr siyasəti, dərs saatlarının azaldılması, bəzi ixtisasların ixtisara salınması məsələləri ilə heç vaxt razı deyildim. Bu məsələləri rektorun özünə demək üçün dəfələrlə getmişəm, amma Validə xanım icazə verməyib ki, burda bütün məsələlərə o baxır.

Fərəh Əliyeva və Ceyran Mahmudova sayəsində universitetdə teatr sənəti geri düşdü. Fərəh xanım ancaq öz rəfiqələrini, Bakı Slavyan Universitetdə işləyən həyat yoldaşının yaxınlarını qeyri-ixtisaslı olmalarına rəğmən Universitetə müəllim gətirdi. Və qeyd edim ki, mənim vəziyyətim digər köhnə müəllimləri də gözləyir. Çünki Fərəh xanımın əvvəldən məqsədi bu olub. Köhnə müəllimləri çıxarmaq, öz ətrafındakıları gətirmək”.

M.Alıoğlu ölkə rəhbərliyinə müraciət edib: "Mən dəstək üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Təhsil nazirinə hələ ki mətbuat vasitəsilə müraciət edirəm”.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook