SON XƏBƏR

"“Dostluq” yatağında əldə olunan karbohidrogen ehtiyatları bu formada dünya bazarına çıxarılacaq" - ekspert

Yanvar 22
09:45 2021
Bu gün Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban Anlaşma Memorandumu ilə bağlı Reyting.az-ın sullarına cavab verib:

- 1989-cu ildə yatağa çevrilən və karbohidrogen ehtiyatlarını özündə saxlayan bir yatağın ehtiyatları otuz ildən çoxdur ki, kapitala çevrilə bilmirdi. Başqa sözlə, bu ehtiyatları bazara çıxarmaq mümkün deyildi. Əlbəttə, bunun bir sıra səbəbləri vardı. Xəzərin hüququ statusu, digər məsələlər və nəhayətdə iki ölkə. Azərbaycan və Türkmənistan nəhayət ki, bu problemi həll edərək tarixi anlaşma əldə etdi. Bundan sonra "Dostluq” yatağı birgə işlənəcək və onun ehtiyatları Azərbaycanın infrastrukturu vasitəsilə dünya bazarına çıxarılacaq. Bunun nəticəsində ehtiyatlar real kapitala çevriləcək. Bundan da həm Azərbaycan, həm də Türkmənistan faydalanacaq. Mən hesab edirəm ki, hər iki tərəf üçün razılaşmanın əsas qayəsi bundan ibarətdir. Bu mənada "Dostluq” yatağı ilə bağlı iki ölkə arasında razılaşmanı tarixi hadisə kimi qiymətləndirmək mümkündür. İnanıram ki, bu addım hər iki ölkəyə faydalar gətirəcək.

- Siz "Dostluq” yatağı barədə əldə olunan razılaşmanın əhəmiyyətinə vurğu etdiniz. Bəs bu yatağın iqtisadi əhəmiyyəti nədən ibarət olacaq, ümumiyyətlə, söhbət qaz, yoxsa neft yatağından gedir?

- "Dostluq” yatağında həm neft, həm də qaz ehtiyatları var. Əlbəttə ki, iki ölkə mütəxəssisləri burada birgə işləyəcək, daha sonra bu resurslar dünya bazarına çıxarılaraq satılacaq. Əldə olunan gəlir də hökumətlərin qərarlarından asılı olacaq.

Məsələn, "Dostluq” yatağında mən bildiyim qədər 50 milyon ton neft ehtiyatı var. Bu həmin yatağın imkanlarını ortaya qoyacaq rəqəmdir. Yalnız neft bu qədərdir. Sözsüz ki, orada qaz da var. Ehtimal edirəm ki, mütəxəssislər bundan sonra yataqda olan qazın miqdarını dəqiqləşdirəcək. Bundan sonra həmin qazda dünya bazarına çıxarılacaq və ölkələrə faydalar gətirəcək.

Bir daha qeyd edirəm ki, bu razılaşma qeyri-adi gözləntidir. Azərbaycan tərəfi hər zaman qonşularına sərfəli təkliflər edib. Bildiyim qədərincə, Azərbaycan tərəfi indiyə qədər Türkmənistana həmin yatağın birgə işlənməsi və istismarına dair təkliflər etmişdi. Uzun müddət bundan səs çıxmadı. Amma razılaşma bu gün əldə olundu. Odur ki, bu anlaşma qeyri-adi hadisə kimi də qiymətləndirilə bilər.

- Maraqlıdır, "Dostluq” yatağındakı neft-qaz ehtiyatları dünya bazarına hansı hansı marşurutla çıxarılacaq?

- Qeyd edim ki, Türkmənistan Xəzərdə nə qədər neft çıxarıbsa, onun böyük hissəsi dünya bazarına Bakı-Tiflis-Ceyhan boru xətti ilə göndərilib. "Dostluq” yatağında əldə olunan karbohidrogen ehtiyatları da bu formada dünya bazarına çıxarılacaq.

- Bu razılaşmanın siyasi əhəmiyyəti haqda nə demək olar?

- Əvvəla qeyd edim ki, Türkmənistana adi ölkə kimi baxmaq doğru olmazdı. Əksinə, bu spesfik bir ölkədir. Bu ölkə öz sərhədlərini qonşu ölkələr üçün belə açmır. Bildiyim qədər yataq həm bizim, həm də Türkmənistanın sərhədindən 147 kilometr dənizdə yerləşir. Bu resurslar dənizin altı ilə gətirilib dünya bazarına çıxarılacaq.

Onu nəzərə almalıyıq ki, bizim siyasi münasibətlər Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə gəldikdən sonra inkişaf edib. Səhv etmirəmsə Türkmənistan lideri 3-4 dəfə Azərbaycana rəsmi səfər edib. Elə Azərbaycan prezidenti də bu ölkəyə səfərlər edib. Başqa sözlə, bizim siyasi münasibətlərimiz hər zaman normal olub.

Bəli, 1990-cı illərin ortasında bu iki ölkə arasında gərginlik yaranmışdı. Amma bu, artıq tarixdə qalıb, indi yeni səhifənin açılmasını müşahidə edirik. Bu da hər iki ölkənin maraqlarına xidmət edən vəziyyətdir.

- Bu müsbət hadisə iki ölkə arasında digər istiqamətlərin inkişafına da səbəb ola bilərmi?

- Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinə baxdıqda bu, özünü daha çox yükdaşımalarda və Türkmənistan neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmasında ifadə edir. Eyni zamanda Türkmənistanın neft məhsulları bizim ərazimizdən daşınaraq Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin terminalları vasitəsilə dünya bazarına daşınır. Neftdən kənar əlaqələr elə də yüksək deyil. Gömrük Komitəsinin məlumatlarına baxdıqda, bu rəqəm 100 milyon ətrafındadır. Ancaq hesab edirəm ki, "Dostluq” yatağı ilə bağlı tarixi anlaşma iki ölkənin digər istiqamətdə əməkdaşlığı üçün həm nümunə olacaq, həm də fürsət yaradacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook