SON XƏBƏR

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? – Şok təfərrüat…

Avqust 10
10:42 2022
"Korrupsionerlərin müsadirə olunan əmlaklarını korrupsiya necə ”yoxa çıxarır” – ilginc səbəblər

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub. Musavat.com-un əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxsə məxsus bir neçə milyon manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.

Səlim Müslümova məxsus əmlaklar bunlardır:

Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti ev 13 v, mənzil 38;

Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti 7 a, mənzil 3;

Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi;

Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108;

Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71;

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51;

Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri;

Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
 


Qeyd edək ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Aparılan yoxlamalar zamanı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Məlumdur ki, həbs edilən digər məmurların, o sırada sabiq icra başçılarının da mülkləri üzərinə də həbs qoyulmuşdu. Üzərinə həbs qoyulan əmlakların toplam qiyməti bir neçə 100 milyonlarla manatı aşırdı, az qalan 1 milyard manata çatırdı.

Bir neçə gün əvvəl həbs olunan "Transbroker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun əmlak siyahıları da mətbuatda var. Təkcə mətbuat səhifələrinə çıxan həmin siyahıdakı əmlakların real bazar dəyəri 100 milyon manata yaxındır. Bu hələ ictimailəşən əmlakların dəyəridir. Əbülfəs Məlikov uzun illər ölkəyə mal gətirən sahibkarların 1 manatlıq malına 10 manat inhisar pulu alıb və yalnız bundan sonra gömrük orqanı malı ölkəyə buraxıb. Bu cinayətkar sxemin icraçı vinti Əbülfəs Məlikov milyardlarla ölçülən dövriyyəyə, pul axınlarına nəzarət edib. Həmin astronomik pullardan özünə nə qədər qamarlayıb, bunu DTX istintaqçıları müəyyən edəcək. Şübhəsiz ki, Məlikovun da 100 milyonlarla dəyəri olan əmlakları müsadirəyə götürüləcək.
 


Bundan başqa, Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı "mahmudovçu” general Mövlam Şıxəliyev və onunla mühakimə olunan digər 3 şəxsin 12 milyon manatlıq əmlakının müsadirə edilməsini tələb edib.

Bəs müsadirə olunan, korrupsiya cinayətləri yolu ilə əldə olunan əmlakların, varidatın sonrakı taleyi necə olur? Məhkəmə qərarı ilə cinayətkar elan olunan icra başçılarının, məmurların evləri, villaları, malikanələri, bir-birindən bahalı "Rolls-Royce”, "Bentley”, "Jaguar”, "Porsche”, "Aston Martin”, "Mercedes-Benz”, "BMW” və digər dünyaca məşhur markalardan olan xüsusi yığılmış avtomobillər müsadirədən sonra hara yoxa çıxır? Son 2-3 ildə istintaqa cəlb olunan 10-a yaxın icra başçısının, nazir və nazir müavinlərinin müsadirə olunan varidatlarını kim satır, kimə satır? Bu satışdan əldə olunan gəlirlər kimlərinsə cibinə gedir, yoxsa dövlət büdcəsinə köçürülür?

Söhbət bir neçə 100 milyonluq əmlaklardan gedirsə, niyə bu məsələdə şəffaflıq təmin olunmur?

"Əslində Azərbaycan xalqından, Azərbaycan dövlətindən oğurlanan…”
 


Tanınmış hüquqşünas Əkrəm Həsənov "Yeni Müsavat”a deyib ki, Azərbaycanda korrupsiya yolu ilə əldə olunan əmlaklar müsadirədən sonra çox böyük korrupsiyaya uğrayır: "Əslində Azərbaycan xalqından, Azərbaycan dövlətindən oğurlanan, məhkəmə qərarı ilə oğurlanması təsdiqlənən əmlaklar açıq hərraca çıxarılmalı, şəffaf şəkildə satılmalı və əldə olunan gəlir zərərçəkənlər varsa, vurulmuş zərər ödənməli, qalan hissəsi isə son qəpiyinə qədər dövlət büdcəsinə köçürülməlidir. Amma nə baş verir? Məhkəmə hökmü ilə müsadirə olunan əmlak, sadəcə, korrupsioner məmurun, icra başçısının, nazirin, nazir müavinin, generalın əlindən alınır və yoxa çıxır. Bu, əslində böyük korrupsiya cinayətidir və çox nəzarətə götürülməklə ciddi şəkildə araşdırılmalıdır”.

Əkrəm Həsənov deyir ki, hər il dövlət büdcəsinin icrası haqda qanun qəbul olunur: "Həmin qanunda müsadirə edilən əmlakların satışından əldə olunan gəlirlərlə bağlı məlumatlar mütləq şəkildə yer almalıdır. Lakin bu haqda hər hansı məlumat verilmir. Ümumiyyətlə isə müsadirə edilmiş əmlakları satan hərraclarla bağlı pozuntular çoxdur. Belə hərracların harada, nə vaxt keçirilməsi barədə məlumatlar gizli saxlanılır. Sanki müsadirə edilmiş əmlakı oğurluq mal kimi cəmiyyətdən gizlədirlər”.

"Belə hərracların keçirilməsi real deyil, formal baş verir”

Hüquqşünasın sözlərinə görə, hərraclar faktiki olaraq keçirilmir: "Belə hərracların keçirilməsi real deyil, formal baş verir. Məsələn, real bazar qiyməti 100 min manat olan, müsadirə edilmiş avtomobili 3-5 min manata satıldığını yaza bilərlər. Bunu kim yoxlayacaq? Əlbəttə ki, heç kim! İstəsələr, 100 min manatlıq əmlakın 1 qəpiyə satılmasını da yazarlar, yazırlar da! Kim hesabat istəyəcək? Yenə də heç kim! Heç müsadirə edilmiş əmlakın satışından əldə olunan həmin o 1 qəpiyin dövlət büdcəsinə daxil olması haqda da məlumat verilmir!”

Müsahibimiz bildirir ki, hərracların keçirilməsinin özü başdan-ayağa korrupsiyaya uğrayıb: "Prinsipcə Azərbaycanda hərrac mədəniyyəti yoxdur. Çünki hərraclar hər zaman formal olur. Azərbaycanda hərrac işi inhisardadır. Bir neçə hərrac təşkilatı var və bütün işlər həmin hərrac təşkilatları üzərindən aparılır. Böyük korrupsiyanın izinə düşmək üçün həmin hərrac təşkilatlarının fəaliyyətinin yoxlanması kifayət edər. Bilinəcək ki, korrupsionerlərin müsadirə olunmuş əmlakları hansı korrupsionerin nəzarəti altına keçib. Məsələ bu qədər sadədir”.

"Örtülü bazara son qoyulmalı, bütün qanunsuz hərraclar yenidən keçirilməlidir!”

Dövlət satınalma portalında hansı dövlət orqanı hərrac təşkilatının müəyyən edilməsi üçün tender elan edib? Belə bir elan yoxdur və heç vaxt keçirilməyib! Əslində hərrac təşkilatlarının müəyyən edilməsi üçün tender keçirilməlidir. Amma bunu edən yoxdur. İcra məmurları onlara tapşırılan 1-2 hərrac təşkilatı ilə işləyirlər. Yəni formal sənədləşmə işləri həin hərracda aparılır və müsadirə olunmuş əmlakın izləri hərrac təşkilatı üzərindən itirilir.

Bu cür yanaşma korrupsiya ilə mübarizə deyil, korrupsiyadan faydalanmaqla korrupsiyaya "yaşıl işıq” verməkdir! Bu örtülü bazara son qoyulmalı, bütün qanunsuz hərracların yenidən keçirilməsi, müsadirə olunmuş əmlakların satılaraq zərərlərin ödənməsi, qalan vəsaitlərin isə dövlət büdcəsinə keçirilməsi təmin olunmalıdır.

"Azərbaycanda korrupsionerlərin əmlakı korrupsiya qaydalarına uyğun ələ keçirilir”

Hüquqşünas hesab edir ki, Azərbaycanda korrupsionerlərin əmlakı korrupsiya qaydalarına uyğun ələ keçirilir: "Faktiki olaraq korrupsiya yolu ilə dövlət büdcəsindən, xalqın cibindən, rifahından oğurlanan əmlaklar geri qaytarılmır, bir korrupsionerin sərəncamından çıxarılaraq digərinin nəzarətinə verilir. Ən dəhşətlisi odur ki, ortada məhkəmə Azərbaycan Respublikası adından hökm çıxarır, müsadirə qərarı verməklə korrupsiya cinayətinə yol açır. Buna son qoyulmalıdır!

Hərracların keçirilməsi ilə bağlı qanunda çox ciddi boşluqlar var: "Hərracın keçirilmə qaydasından tutmuş ayrı-ayrı icraatlar üzrə hərracların keçirilməsi qaydası yoxdur. Hərraclarla bağlı işlək qanunları bilə-bilə qəbul etmirlər. Çünki hərraclarla bağlı qanunun bu şəkildə olması sui-istifadə halları üçün çox böyük meydan açır. ”Dövlət büdcəsi haqqında” Qanuna da dəyişiklik olmalıdır ki, Maliyyə Nazirliyi hərraclarla bağlı məlumatları hər il hesabatlarına salsın. Sahibkarlardan toplanılan rüsumlar, vergilərlə bağlı məlumatları dövlət büdcəsində görürük, büdcə oğrularından, korrupsionerlərdən müsadirə olunan əmlakların satışından əldə olunan vəsaitlərlə bağlı məlumatları isə görmürük”.

"Bu məsələ ölkə rəhbərliyi səviyəsində diqqətə alınmalıdır”

Hüquqşünas xatırlatdı ki, əksər dövlətlərdə hərraclardan gələn gəlirlərin büdcəyə daxil edilməsinə Hesablama Palatası nəzarət edir: "Azərbaycanda bu sahədə ən böyük hərraclardan gələn gəlirlərə nəzarətin olmamasıdır. Normal ölkələrdə bu işləri Hesablama Palatası parlamentin nəzarəti altında izləyir. Hərraclara, hərraclarda satılan əmlaklardan əldə olunan gəlirlərin büdcəyə daxil olmasına Hesablama Palatası nəzarət etməlidir. Bu mexanizm olmayınca, korrupsionerlərdən məhkəmə hökmü ilə müsadirə olunan əmlaklar digər korrupsionerlərin sərəncamına keçəcək. Uduzan tərəf yenə də Azərbaycan xalqı, Azərbaycan dövləti olacaq. Bu məsələ ölkə rəhbərliyi səviyyəsində diqqətə alınmalıdır”.
 
Mənbə: Yeni Müsavat
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook