Dövlət Agentliyi Prezidentin tövsiyələrinə niyə əməl etmir? - 515 minlik israf...
Sentyabr 27
00:15
2021
Dövlət Reklam Agentliyi avqust ayının 19-da 365.329 min manatlıq tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, Agentliyin "Avtonəqliyyat vasitələrinin satınalınması" lotu üzrə sifarişçi olduğu tenderin qalibi "Toyoto Absheron Merkezi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqaviləyə əsasən "Toyoto Absheron Merkezi" MMC Dövlət Reklam Agentliyinə 2 ədəd (1.6 l benzin) sedan tipli, 3 ədəd (1.8 l hybrid) sedan tipli və 2 ədəd (2.4 l disel) pikap tipli avtomobil satacaq.
Maraqlıdır ki, Dövlət Reklam Agentliyi bu satınalmadan sonra avqust ayının 31-də eyni lot üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 150.650 manat, qalibi isə "Avtouniversal" MMC olub. Müqaviləyə görə "Avtouniversal" MMC 5 ədəd minivan tipli avtomobil satacaq.
Dövlət Reklam Agentliyinin yarım milyon manatdan artıq vəsaiti avtomobillərə xərcləməsi birmənalı qarşılanmır. Bəzi iqtisadçılar hesab edir ki, bu dövlət büdcəsinin səmərəsiz xərclənməsidir.
Qeyd edək ki, 2016-cı ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə etmişdi: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar”.
Xatırladaq ki, Dövlət Reklam Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs olaraq yaradılıb.
Agentliyin İdarə Heyətinin sədri Aydın İbadovdur.
Qlobal.az