SON XƏBƏR

Dövlət aparatının şişirdilməsi davam edir - TƏHLİL

Oktyabr 15
09:16 2021
Oktyabrın 11-də Prezident İlham Əliyevin imzaladığı fərmanla rabitə və informasiya kommunikasiyaları sektorunda ciddi dəyişiklik baş verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Eyni zamanda, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yaradılıb.

İKTA informasiya kommunikasiyaları texnologiyaları sahəsində radiospektr tənzimləməni həyata keçirəcək. İRİA isə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini təmin edən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edən, dəstək verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Maraqlıdır, yeni yaradılan qurumlar ciddi problemlər məngənəsində olan bu sektorda dönüşə və inkişafa nail ola biləcəkmi? Ümumiyyətlə, dövlət aparatının yeni inzibati qurumlar hesabına böyüdülməsi idarəetmədə nə qədər səmərəli addımdır?

Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz bildirir ki, uzun illər bu sektorda tənzimləmə həmişə nazirliyə məxsus olub. "Yəni, nazirlik özünün də subyekt olduğu İKT bazarını tənzimləyirdi. Nazirlikdə tənzimləmə adında bir şöbə olub və onillər ərzində bu şöbə daha çox dövlət operatorları üçün üstün şərait yaratmaqla məşğul idi. Odur ki, az qala yüzdən çox yaşı olan Azərbaycan telekommunikasiya sektorunda ayrıca tənzimləyici agentliyin yaranması olduqca müsbət addımdır", -deyə ekspert qeyd edib.

Amma O.Gündüz Agentliyin rəhbərinin nazir tərəfindən təyin edilməsini düşündürücü məqam sayır. Onun fikrincə, daha ideal variant bu ola bilərdi ki, Agentliyin rəhbəri prezident tərəfindən təyin edilsin. Ekspert hesab edir ki, uzun illər oturuşmuş ənənəni dəyişmək, dövlət və özəl sektor üçün bərabər şərait yaratmaq Agentlik üçün elə də asan olmayacaq.

Osman Gündüz deyir ki, indiki variant bazar oyunçuları arasında müəyyən narahatlıqlar və suallar yarada bilər:

"Məsələn, yenidən dövlət sektoru üçün daha münbit və daha üstün şərait yaradılmayacaq ki? Amma düşünürəm ki, hələlik narahatlıq üçün elə də ciddi əsaslar yoxdur. Agentliyin Nizamnaməsi yəqin ki, bu cür narahatlıqları aradan qaldıracaq. Nizamnaməni isə Prezident təsdiq edəcək. Ümid edirəm ki, nizamnamədə Agentliyin müstəqilliyini artıracaq, qərarlarının gücünü, təsirini qüvvətləndirəcək məsələlər özünə yer tapacaq”.

Ekspertin sözlərinə görə, bu fərmandan sonra radiotezlik sahəsində 3 qurum fəaliyyət göstərəcək: Dövlət Radiotezliklər Komissiyası, nazirliyin Dövlət Radiotezliklər İdarəsi və yeni yaranan İKT Agentliyi. "Fikrimcə, bu fərmanla radiotezlik sahəsində əsas tənzimləmə siyasəti Agentliyə veriləndən sonra Komissiyanın nə iş görəcəyi suallar yaradır. Düşünürəm ki, Dövlət Radiotezliklər Komissiyasının ləğv edilməsi gözləniləndir”, – deyə o, söyləyib.

Osman Gündüzün fikrincə, daha bir diqqətçəkən məqam ölkə üzrə genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının regionlar üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görülməsinin nəzərdə tutulmasıdır. Onun sözlərinə görə, artıq nazirlik bu istiqamətdə işlərə başlayıb.

İqtisadçı Nazim Bəydəmirli isə hesab edir ki, ölkədə idarəçilik sadələşdirilməli, idarəçi qurumların sayı az olmalıdır:

"Mən hökumətə Nazirlər Kabinetinin Gürcüstan modelinin yaradılmasını tövsiyə edirəm. Qonşu ölkədə 12 nəfərdən ibarət kollegial orqan var: baş nazir və 11 nazir. Baş nazirin iki müavini ictimai əsaslarla çalışır və hökumətlərarası qurumları əlaqələndirir”.

N. Bəydəmirli təəssüflənir ki, Azərbaycanda bunun tam əksinədir:

"2014-cü ildən etibarən dövlət büdcəsi hesabına iş yerlərinin açılması prosesi davam edir. Müxtəlif agentliklər, xidmətlər yaradılır, bu da təkrarçılıq, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi, bürokratik əngəllərin çoxalmasıdır. Dünyada vəsaitlərin qənaət edilməsi üçün hökumətlər kiçildilir, daha dinamik hala gətirilir. Təsəvvür edin ki, 2003-ci ildən Rabitə Nazirliyinin adı artıq beşinci dəfə dəyişdirilir. Amma hələ də elektron xəritələrimiz rus əlifbası ilə tərtib olunur, internet bərbad vəziyyətdədir. Bu qurumun necə işləməsi elə buradan aydın görünür…” //PRESSKLUB.AZ//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook