SON XƏBƏR

Dövlət büdcəsi özəlləşdirmədən bu il 600 milyon gözləyir

Yanvar 31
11:37 2017
Əmlak Komitəsinin bu pulu qazanmaq potensialı var, amma...

Bizimyol.info xəbər verir ki, "2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində 645 milyon manat məbləğində təsdiq edilən büdcə kəsirinin özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) və Avropa Birliyinin 20 milyon manat qrantı hesabına maliyyələşdirilməsi göstərilir. Burada büdcə kəsirinin qapadılması üçün əsas yük Dövlət Əmlak Komitəsinin üzərinə düşür. 

Büdcənin gəlirlərin mənbələri hissəsində də səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 5 milyon 950 min manat, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 8 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar da yenə 8 milyon manat təsdiqlənib. 

Göründüyü kimi, gəlir mənbələrindən biri olaraq proqnozlaşdırılan 22 milyona yaxın vəsait 600 milyon civarında bir kəsiri örtmək üçün yetərli deyil. Baxmayaraq ki, proqnoz gəlir bir xeyli az göstərilib, 15-ci maddə deməyə əsas verir ki, Komitədən çox şey gözlənilir. Daha dəqiqi Komitənin idarəetməsində olan, səhm-nəzarət paketi dövlətdə qalan müəssisələrdən. 

Belə baxanda, səhm-nəzarət paketi dövlətdə olan "Azərbaycan Hava Yolları" QSC, "Bakı Metropoliteni" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəravtoyol" ASC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərişıq" ASC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan İpoteka Fondu" ASC, "Beynəlxalq Bank" ASC, "AzerGold" QSC, "Azərkosmos" ASC, "Azərlotereya" ASC, "Aqrolizinq" ASC kimi müəssislərdən o qədər də yüksək rentabellik tələb olunmur. Bu qədər müəssisə üçün gözlənilən 6 milyon manat vəsait elə də çox deyil. Burada adıçəkilən müəssisələrin hamısı bir yerdə yox, hər biri ən azından 6 milyon gəlir göstərə bilər. Gəlirlərini gizlətməsələr. Sadalananlar satış müəssisələridir, biri su satır, o biri elektik, üçüncüsü də pul və s. Di gəl ki heç biri mənfəətə çıxmır, ya da mənfəət göstərmirlər. Dövlət Müəssisələrinin Çevrilməsi Nəticəsində Yaradılan Səhmdar Cəmiyyətlərinin Nümunəvi Nizamnaməsinə görə, səhmdar cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdir. Amma sadalanan müəssisələr dövlət büdcəsindən yetərli qədər pul alır, qarşılığında heç nə vermirlər. Bu müəssisələr ƏMDK-nin idarəetməsindədir və Komitə onların fəaliyyətinə nəzarət, hesabatlarını tələb etməlidir. bu müəssisələr səhmdar cəmiyyət olduqlarından illik maliyyə hesabatlarını da dərc etməlidirlər. Lakin, bir əlin barmaqlarının sayı qədər müəssisə istisna olmaqla, yerdə qalanlar hesabatlarını cəmiyyətdən gizlədir. Gizlətmək üçün hüquqi əsas olmasa da, yəqin ki, özlərinə görə səbəbləri var.  

Yeri gəlmişkən, sadalanan bu müəssisələrin çoxuna 2017-ci ilin dövlət büdcəsindən yenə subsidiyalar nəzərdə tutulub. Belə ki, "Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon subsidiya, "Bakı Metropoliteni” QSC-yə 30 milyon manat subsidiya, Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ Turizm Mərkəzi” QSC-yə 18 milyon manat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-yə 1 milyon manat, "Təmiz Şəhər” ASC-yə verilən maliyyə yardımı 53,4 milyon manat, əhaliyə istilik verməyən (dekabrın axırlarından evdə istilik sistemi təchizatı dayanıb-red.) "Azəristiliktəchizat” ASC-yə maliyyə yardımı 18,9 milyon manat, "Azərsu” ASC-yə verilən subsidiya 7,4 milyon manat, "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 201,3 milyon manat, "Azəravtoyol” ASC-yə 5 milyon manatın verilməsi təsdiqlənib. "Azərbaycan Beynəlxalq Bankı” ASC -nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlər də büdcə qanunvericiliyində əksini tapıb.       

Əgər turizm mərkəzi, bank, əhaliyə gecə-gündüz məhsul satan müəssisələr dövlətdən yardım alırsa və əvəzində mənfəətə çıxmırsa, zərələ işləyirsə, yetim müəssisələr neynəsin? Maliyyə Nazirliyi web-saytında büdcənin icrası ilə bağlı ən son 2014-cü ilin məlumatlarını dərc edib. Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən dividendlər 2014-cü ildə 2 milyon manat, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 5 milyon manat, Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8 milyon manat müəyyənləşdirilib. Bu proqnoza qarşı cəmi-cümlətanı 270 min manat dividend olub. Adıçəkilən müəssisələrin ranqına görə, bu, çox biabırçı bir rəqəmdir. Komitə büdcənin proqnozunu ancaq bu qədər icra edə bilir. Həmin il dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 7,3 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 4,3 milyon manat təşkil edib. Göründüyü kimi, icarə haqları müəyyən qədər pul gətirsə də, nə özəlləşmədən xeyir var, nə də Komitənin idarəetməsində olan müəssisələrdən.     

Əslində, bu qədər müəssisə üçün 600 milyon da çox vəsait olmamalıdır. Amma bir halda ki, bu qədər pulu özəlləşdirmədən gözləyirlər, bu müəssisələrin yenə sadəcə birinin satışı həmin vəsiti büdcəyə təmin edə bilər. Bununla yanaşı, özəlləşdirməyə açılmış 300-dən artıq müəssisə var. Bu əmlakları normal qiymətə satsalar, yarım milyard manat vəsait edər. Özəlləşdirilməyi gözləyən obyekt və əmlakların da sayı-hesabı yoxdur.  

Son vaxtlar Komitə az qala hər həftə hərrac keçirir. Hərraclardan büdcəyə daxilolmalar bəzən açıqlansa da, çox vaxt bu məlumatlar verilmir. Amma əksər hallarda satılan 20-30 müəssisə və obyektdən büdcəyə cəmi 1-2 milyon manatın mədaxil ediləcəyi bildirilib. Müəssisə və obyektlərin dövlətsizləşdirilməsindən həftədə heç olmasa 2 milyon manat qazanılsa, bu, ayda 8 milyon, ildə 100 milyon civarında bir vəsait deməkdir. Həmin məbləğ isə Komitədən tələb olunan pulun altıda biridir. O da hər hərracda olan iş deyil. Məsələn, son hərracda cəmi iki obyekt satılmışdı. Komitədən iddia edildiyi kimi hərraclara maraq şişirdildiyi qədər çox olmur.       



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook