Dövlət Dəmir Yollarında hansı dəyişikliklər olacaq? - 14 ay davam edən yoxlamalar başa çatıb...
May 26
13:19
2022
Azərbaycan Dövlət Dəmir Yolları (ADDY) Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib. Bu, qurumun sədr müavini Hicran Valehovdur.
Xatırladaq ki, ötən il martın 31-də Prezidentin Sərəncamı ilə ADDY-də Müşahidə Şurası yaradılıb və ona İqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edir. Sözügedən sərəncamda qeyd olunub ki, Müşahidə Şurası 6 ay müddətində Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etməlidir. Habelə qurumda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentinə təqdim edilməsi də Müşahidə Şurasına tapşırılmışdı.
Prezidentin sərəncamında göstərilən müddətdən kifayət qədər uzun müddət keçib. Görünür, Müşahidə Şurasının ADDY-də apardığı diaqnostika işlərini başa çatdırmaq üçün daha böyük zamana ehtiyac olub. Ehtimal etmək olar ki, qurumun strukturu, idarəolunması qaydaları tamamilə dəyişdiriləcək. Bəzi müşahidəçilər isə Səhmdar Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyini istisna etmirlər.