SON XƏBƏR

''Dövlət müəssisələrinin götürdüyü milyardlarla kredit büdcədən ödənir''

May 31
12:56 2019
Qüdrət Həsənquliyev: ''Tenderlərin keçirilməsi zamanı ''otkat'' adlanan üsuldan istifadə edilir''

"Bir çox halda dövlət müəssisələri tərəfindən götürülən 100 milyonlarla dəyərində kreditlərin səmərəsini görmürük. Sonra da bu borcu götürən dövlət orqanları onu qaytarmaq gücündə olmur və biz həmin vəsaiti büdcədən qaytarırıq. 2019-cu ilin dövlət büdcəsində dövlət borclarına görə 2 milyard 300 milyon manat borc qaytaracağıq. 2018-ci ildə 2 milyard 200 milyondan bir qədər artıq qaytarmışıq. Üst-üstə bu 4 milyard 500 milyona yaxın vəsait edir”.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə "Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

O təklif edib ki, Hesablama Palatasının dövlət zəmanəti ilə götürülən borclara dair Milli Məclisə rəy verməsi barədə qanuna dəyişilik edilsin: "Neft müqavilələrini ratifikasiya edib, onlara qanun qüvvəsi verdiyimiz kimi, dövlət zəmanətli borclarla bağlı da bu addımı atmalıyıq”.

"Tender cinayətləri ilə bağlı cəzalar sərtləşdirilməlidir”

Qüdrət Həsənquliyev deyib ki, tenderlərin keçirilməsi zamanı çoxsaylı qanun pozuntularına yol verilir və xalq arasında "otkat” adlanan üsuldan istifadə edilir: "Yəni tender kimə verilirsə, ondan pul alınır. İstintaq orqanı əksər hallarda bu iki tərəf arasındakı gizli razılaşmanı aşkar edə bilmir deyə, korrupsiya faktının olmasının da sübut edilməsi çox çətindir. Ona görə də, qanunsuz tender keçirilirsə, bunun özü korrupsiya əməli kimi qiymətləndirilməlidir və ona görə sərt cəza nəzərdə tutulmalıdır. Bu əmələ görə 2 ilədək müddətdə azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Küçədə bir-birinə şillə vuranı, 200 manat oğurlayanı da 2 ilədək müddətdə cəzalandırırlar, korrupsiyaya yol verəni də? Buna görə də, korrupsiyaya qarşı mübarizəni gücləndirmək istəyiriksə, birinci cəza sərtləşdirilməlidir”.

 

"Hesablama Palatasının Mərkəzi Bankı yoxlama səlahiyyəti məhdudlaşmamalıdır”

Qüdrət Həsənquliyev Mərkəzi Bankda kənar yoxlamalarla bağlı Hesablama Palatasının səlahiyyətləri məsələsinə də toxunub. O bildirib ki, Hesablama Palatasının Mərkəzi Bankda yalnız müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqanın razılaşdırılması ilə orada audit apara biləcəyi ilə bağlı müddəa düzgün deyil:

"Səhmlərin nəzarət paketi dövlətdə olan istənilən müəssisədə Hesablama Palatası heç kimlə razılaşdırmadan yoxlamalar aparmalı, yoxlamaların nəticəsi barədə də dövləti, dövlət orqanlarını, o cümlədən də Milli Məclisi məlumatlandırmalıdır”.

Mənbə: Meydan.tv
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook