SON XƏBƏR

Dövlətə 1 qəpik borcu olan da varmış, 23 milyon da

Yanvar 18
11:40 2017
Vergi amnistiyasına düşənlərin çoxu pullu təşkilatlardır Dövlətdən külli miqdarda sifarişlər alan "İLQAR-NNT" MMC-nin 6,3 milyon, "İLQAR-MR" MMC-nin 4,8 milyon manat borcu bağışlanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, minlərlə hüquqi və fiziki şəxsin vergi boclarına görə əlavə faiz borcları silinib. 

"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısı açıqlanıb. Vergi amnistiyasına 18 932 hüquqi şəxsin borcları aid edilib. Onların arasında nazirliklər, komitələr, şirkətlər və digər dövlət qurumları da var. Bizimyol.info həmin siyahını araşdırıb, milyonluq borclardan yazıb. 

Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi (AİSGOC) yeni yaranmasına baxmayaraq ən çox vergi borcu silinən təşkilatdır - 22,7 mlyon manat. "Azərsu" ASC və onun nəzdindəki  "Birləşmiş Sukanal" MMC 20,1 milyon manat ("Azərsu" 13,7 milyon, "Birləşmiş Sukanal" 6,4 milyon), "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu 939 866 manat, Əmlak Məsələləri Dövlət Komitəsi 14,2 milyon manat, Gənclər və İdman Nazirliyi 4,2 milyon manat, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC 2,7 milyon manat, Nəqliyyat Nazirliyinin də 2 milyon manat borcu amnistiyaya düşüb.

Bir sıra dövlət qurumları, xüsusilə kommunal idarələrin xeyli vergi borcu olub. Misal üçün, BAKLİFT-2 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin 909,2 min manat, 329 saylı hərbi hissənin 1,6 milyon vergi borcu silinib. Sonuncunun vergi borcunun yaranma səbəbi maraqlıdır. Bütün hərbi hissələr dövlətdən maliyyələşir, əgər bu maaşdan yaranan borcdursa, vəsait büdcədən ödənir, hərbi hissə "xozraşyot” deyil. Milyondan aşağı vergi borcu silinən dövlət təşkilatları da çoxdur. Azərbaycan Hava Yolları QSC (AZAL) kimi. Cəmiyyətin Milli Aviasiya Akademiyasının borcu 14,5 min manat olub. Əksər dövlət müəssisələrinin borcu xirtdəyəcəndir. Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi dövlətə 512,6 min manat borclu olub. Xətai İH-in xərcləmələrini araşdırmışıq, məlum olub ki, büdcədən quruma ayrılan pullar topdan abadlaşdırma və kommunal xidmət işçilərinin geyimi adı altında xərclənir. Belə bədxərcliklə dövlətin vergisini necə ödəsinlər?  

Siyahıda dövlətə bağlı olan bir sıra təşkilatların da adı var. "Daşkəsən Filizsaflaşdırma" ASC 1,5 milyon manat vergi öhdəliyindən azad edilib. Qeyd edək ki, bu müəssisə keçən ildən bəri külli miqdarda borcla investisiya müsabiqəsinə çıxarılıb. Lakin borca görə müəssisəyə yaxın duran yoxdur. ASC-nin maliyyə öhdəliyi 16,6 milyon idi. Vergi borcu silinəndən sonra da yerdə 15.1 milyon borc qalır. Ümumiyyətlə, siyahıda borcu silinən səhmdar cəmiyyətlərin sayı da xeylidir. Bu isə deməyə əsas verir ki, həmin müəssisələrin əksəriyyəti ya məsuliyyətsiz idarə olunur, ya da gerçəkdən ağır durumdadırlar. Xüsusilə də səhmləri dövlətdə olanlar. "Azərbaycan Alüminiumu” ASC-nin 5,3 milyon, "AZƏRBORU" ASC-nin 3,4 milyon, "AZƏRKOSMOS" ASC-nin 864,7 min, "BAKI ELEKTRİKTÖKMƏ" ASC-nin 833,8 min, "BAKI KONDİSİONERİ" ASC-nin 687,2 min,  "BAKU STEEL CONSTRUCTİON" ASC-nin də 516,4 min manat vergi borcu silinib. Belə müəssislərin sayı onlarla deyil, yüzlərlədir. "Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin də 36 min manat borcu varmış. Müəssisənin səhm-nəzarət paketinin sahibi guya onu öz yanından ləğv etmişdi, amma VN-də ASC kimi qeydiyyatda qalır və borcu da silindi. Işləyib dividend ödəməmək üçün bəhanləri qalmamalıdır, amma türklər demiş, malesef müəssisəni söküb yerində yaşayış binası tikirlər. 

"İLQAR-NNT" MMC-nin 6,3 milyon manat, "İLQAR-MR" MMC-nin də 4,8 milyon manat vergi borcu bağışlanıb. Bu şirkətlər dövlət təşkilatlarından külli miqdarda tender sifarişləri alır və işləri də göründüyü qədər pis getmir. Vergi borcunun niyə yarandığı bəlli deyil. Bir sıra iri müəssisələrin də borcu milyonlarla ölçülür. "AZON Zavodu" 1,4 milyon manat, "Radioquraşdırma Zavodu" 1,1 milyon manat, "Elektron Hesablayıcı Maşınları Zavodu" 2,9 milyon manat, "AZ Yeyinti" MMC 1,2 milyon manat, "ÜFÜQ İstehsalat Birliyi" MMC-nin "DALĞA" Elmi İstehsalat Müəssisəsi 1,2 milyon manat, "İQLİM Elmi-İstehsalat Müəssisəsi" MMC-nin də 1,1 milyon manatı amnistiyaya düşüb.   
Bəzi müəssisələr var ki, adları kiçik, borcları isə kifayət qədər böyükmüş. "Şirvan-6" Kiçik Müəssisəsi 12,7 milyon, "SERVİS" Kiçik Müəssisəsi 10,9 milyon, "Qızıl Qaya" Kiçik Müəssisəsi 6,3 milyon, "Ağa-M" Çoxsahəli Firması 19,1 milyon, "Şəms" İstehsalat Kommersiya Firması 8,6 milyon, "Pərvin-P" Firması 5,4 milyon, "Xəlil” Şirkəti 5,1 milyon, "İnter Alyans LTD" MMC 4,7 milyon, "Üç Qardaş” MMC 3.9 milyon, "İlqar-7.T" MMC 3,2 milyon, "Avtomatika” MMC 3 milyon, "Fərid” KM, "Kristal İnşaat" və "Main İnvestment LTD" MMC-nin hər biri 2,6 milyon, "Təməl” KM və "Eldan Group” MMC-nin hər biri 2,4 milyon, "Kontinental-A.E.” MMC 2,3 milyon, "Pərgar-İnşaat” MMC və "ŞARM KO" MMC-nin hər birinin 2,2 milyon, "Könül” Firmasının 2,1 milyon manat borcu bağışlanıb. "Murad-M" MKM və "Qalaktika-R.H." MMC-nin hər biri 1,9 milyon, "Taxıl Məhsulları" MMC, "NİCAT" KM və "Orbita Təchizat-İstehsalat” MMC 1,8 milyon, "Mümar Servis A” və "Selltelecom” 1.7 milyon, "Yadigar Oğulları-07” MMC 1,6 milyon, "Çınqıl İnşaat" MMC və "Brilliant” MMC-nin hər biri 1,5 milyon, "Orxan-94” KM və "Kollaps-7” MMC-nin hər biri 1,3 milyon, "Xəzər Sənaye Texnika” İstehsalat Şirkəti 1,2 milyon, "STEN-KO-S" MMC 1,1 milyon, "İlkin", "ERQA İnşaat", "K.R. KOMPONİ", "Azərsənaye İnşaat", "Batabat” mmc-lərin,  Sənayeləşdirilmiş Evtikmə İstehsalat Birliyinin (SEİB) də 1 milyon borcu silinib. Siyahıdan bəlli olur ki, daha çox inşaat şirkətləri, səhmdar cəmiyyətlərinin borcları varmış. 
 
Borcu silinənlər arasında "GLOBAL STONE" MMC-nin  də adı var, onun da 1,7 milyonluq borcu ləğv edilib. Bu şirkət Bakıda yanan binaları yanmağa meylli olan poliuretan materialı ilə təchiz etməklə "məşhurlaşıb”, rəhbəri həbs edilib. Eldar Mahmudovun oğlu ilə bağlılığı olduğu deyilən "Kristal Motors"-un nə az nə çox, düz 3.5 milyon manat vergi borcu varmış. Mahmudovlarla adı hallanan daha bir neçə tikinti şirkəti də xeyli öhdəlikdən azad edilib. "NUR-İNŞAAT" MMC 3,8 milyon, "LİDER-EN" Mənzil-Tikinti Kooperativinin 2,2 milyon manat vergi borcu silinib. Ümumilikdə 6 milyon borcu olan hər iki şirkətin rəhbərinin ölkədən çıxışına qadağa qoyulmuş, prokurorluqda cinayət işi açılmışdı. Borcu silinən "Sahil-D Kompani" MMC də ictimaiyyətə qalmaqallarla tanışdır, təsisçisi İlham Qasımov hazırda həbsdədir. 

Borcu silinənlər arasında xarici təşkilatların da yerli filialları var. "HESS (ACG) Limited" Şirkətinin Azərbaycandakı filialının 3,2 milyon, "Ashtrom İnternational LTD” şirkətinin 1,2 milyon, "Shikun and Binui-S.B.İ. İnfrastructure LTD” şirkətinin 1,7 milyon manat vergi borcu silinib. "STATOIL SHAH DENIZ AS” Şirkətinin də Azərbaycandakı nümayəndəliyi dövlətimizə 641 min manat borcu imiş ki, onu da bu öhdəlikdən azad ediblər. "BARMEK AZƏRBAYCAN” Elektrik Şəbəkəsinin 1,8 milyonluq öhdəliinə də son verilib. Qeyd edək ki, bu şirkətin Azərbaycanda fəaliyyəti dayanıb, səlahiyyətləri "Azərişığ”a keçib. 

Siyahıda 8 bankın adına da rast gəlinir. Onlardan 7-si fəaliyyətini dayandırıb və ya ləğv prosesindədir, 1-i isə fəaliyyətini davam etdirir. "Atabank" ASC-nin 46 min 401,7 manat məbləğində faiz və maliyyə sanksiyası üzrə borcu silinib. Ləğv prosesində olan "Atrabank", "DebütBank", "Texnikabank" və "Evrobank"ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib. Həmçinin, fəaliyyətini dayandırmış "Birlikbank", "Bank Standard" və "Yunayted Kredit Bank"ın müvafiq olaraq 91 min 224,3 manat, 16 min 574 manat və 8 min 116,9 manat məbləğində borcu silinib. Banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının borclarının silinməsi də təmin edilib. Belə ki, "Finex Kredit" ASC-nin 6 min 70,2 manat, "RHM Finance" MMC-nin 495 manat, "Ağan" MMC-nin 1 146,7 manat, ləğvetmə prosesində olan "Birlik Kredit İttifaqı" MMC-nin 1 154,3 manat, "Tatyan - Kredit İttifaqı" MMC-nin 4 min 780,7 manat, "İlham Kredit İttifaqı" MMC-nin 12 min 326 manat, "Mikrokredit" MMC-nin 1 116,9 manatlıq borcu silinib.

Vergi amnistiyasına düşənlər arasında 1 qəpik borcu olan da var, 10 qəpik olan da. Amma onlar da siyahıya daxil edilib...  


Bizimyol.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook