SON XƏBƏR

Dövlətə xəyanətdə ittiham olunan 3 şəxsin cinayət dosyesi araşdırılır - VİDEO

Yanvar 06
15:01 2023
Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 41 yaşlı Emil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçilib. Yanvarın 6-da hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Emil Məmmədov ali təhsillidir, 4 övladı var.

Qlobal.az musavat.com-a istinadla xəbər verir ki, hazırlıq iclasında məhkəmə baxışının yanvarın 10-da davam etdirilməsi qərara alınıb.

Emil Məmmədov 2022-ci ilin martında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. Aparılmış araşdırmalar zamanı Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Emil Məmmədovla yanaşı daha 2 nəfər – Aydın Zəkiyev və Hacı Paşayevin cinayət işləri üzrə də ibtidai istintaq başa çatıb. İşlər üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işləri ayrı-ayrılıqda araşdırılır.

DTX-nin fəaliyyətindən bəhs edən "Qartal Zirvə”də sənədli filmində Ermənistan xüsusi xidmət orqanı əməkdaşlarına casusluq edən Aydın Zəkiyevin etirafları yayımlanıb. "Xəzər TV”də yayımlanan sənədli filmdə Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanının təminat şöbəsinin əməkdaşları ilə yazışdığını açıqlayıb.

Qeyd edək ki, Aydın Zəkiyev ötən ilin oktyabrında DTX tərəfindən saxlanılıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Hacı Paşayevin də cinayət işi üzrə məhkəmə araşdırması aparılır. İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. Onun işi üzrə məhkəmə iclası yanvarın 12-nə təyin olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook