Əbədi olan Mütləq kim, nə, hara deyil!
Sentyabr 02
11:32
2016
Soylu ATALI
Heç kimin heysiyyatına toxunmaq istəmirik. Ancaq deməliyik ki, çoxluq bir-iki cümləlik statusla gərəksiz çəkişmələrə gedir. Bu cür adamlar əsaslı məsələlər haqqında düşünmək istəmirlər. Ancaq ciddi söz adamları 3-5 abzaslıq yazını da oxuyub polemika aparsalar toplumsal düşüncəyə yaxşı etki göstərmiş olarlar...
Biz Göyel (Səmavi) dinlərin Allah anlayışında Mütləqilik görmürük. Çünkü bu dinlərdə Allah "Qüvvə"ləşir. Qüvvə fiziksəl anlayışdır, onun ölçü vahidi var, hesablana bilir. Əslində isə Mütləqi hesablamaq mümkün deyil. Allah anlamı İsmin Adlıq halının suallarına (kim, nə, hara) cavab vermir. Yəni əzəli, əbədi olan Mütləq (bizə sunulan allah yox, allah anlamı) kim, nə, hara deyil. Ancaq Göyel dinlər allahı "qüvvə"ləşdirməklə "kim" edirlər. Bu dinlərdə "qüvvə" danışır, görür, qəzəblənir, idarə edir, düzür-qoşur... Belə keyfiyyətlər adama - fiziksəl varlığa xas olan cəhətlərdir. "Qüvvə"nin qabağına "ilahi" sözünü artırmaqla heç nə dəyişmir, qüvvə qüvvədir. Bəzən deyirlər "ilahi enerjidir", enerji də qüvvə kimi, hesablanan, ölçü vahidi olan fiziksəl anlayışdır. Mütləq qüvvə deyil, Qüdrətdir. Bu Qüdrət nizamlamır, Nizamın özüdür. Qüdrət təzahür edir, biçimlənir, görünüşə gəlir, şəklə düşür. Bu zaman O, öz gerçəkliyini, təzahürlərini idarə etmir, əymir, düzəltmir. Qüdrətin "idarə etmək" məntiqi yoxdur. Olarsa, onda Allah adamabənzər olur, daha doğrusu, Mütləq olmur.
Bəşəriyyətin yanıldığı Tanrısal sistem yalanlardan, uydurmalardan qurtarmayınca dünyada İnsanlıq nizamı yaranmaz, gözəllik bərqərar olmaz. Dünyanı siyasətlə düzəltmək istəyi yalandır. Siyasətdə əyrilik var, yalan var. Bu əyriliyi, yalanı siyasətdən alsan, onda o, siyasət olmaz, ruhaniyyat olar. Elə ki, ruhaniyyatda yalan, əyrilik oldu, onda bu olur siyasət. (Bəzi ölkələrdəki çağdaş ruhaniyyat eybəcər siyasətdir, onlarda ruhaniyyat yoxdur. Siyasət özü olanda yenə nələrisə çözə bilir. Ruhaniyyat siyasətləşəndə hər şeyi murdarlayır).
Dünyanın gözəlləşməsini istəyən bəşəriyyət gərək ruhaniyyatı yalanlardan ayırsın. Bunun üçün, yenə deyirik, Tanrısal sistemi dərk eləmək, onu düzgün qurmaq gərəkdir...
Qlobal.az