Əbülfaz Qarayevin London səfəri davam edir
Noyabr 21
10:43
2015
19 noyabr 2015-ci il tarixində Böyük Britaniyanın Koventri Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirlən "Bakı prosesi”nin həyata keçirilməsi üzrə İşçi qrupunun iclası keçirilmiş, eyni zamanda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə təqdimat təşkil edilmişdir.
Qlobalinfo.az Nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı müzakirə edilmişdir. Bununla yanaşı qeyd edək ki, Koventri Universiteti mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi çərçivəsində həyata keçirilmiş layihə və qlobal forumların əhəmiyyətini yüksək qiymətləndirərək, bu sahədəki fəaliyyətinə görə Azərbaycan tərəfini xüsusi diploma layiq görmüşdür.
Bildiririk ki, 2013-cü ildən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu Bakı prosesinin beynəlxalq səviyyədə həyata keçirilməsi üzrə məsləhətçi funksiyasını yerinə yetirir.
Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi Koventri Universitetinin tələbələri qarşısında çıxışı zamanı Bakı prosesinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən bir təşəbbüs olduğu və qlobal mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı nəzərdə tutduğu diqqətə çatdırılmışdır.
Səfər çərçivəsində nazir Ə.Qarayev Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda mədəniyyətlərarası dialoqun tədrisi ilə tanış olmuş və fikir mübadiləsi aparmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2015-ci il tarixli 1334 nömrəli Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.
Təşkilat Komitəsi tərəfindən 7-ci Qlobal Forumun hazırlıq işləri ilə əlaqədar beynəlxalq qurumlarda və xarici ölkələrdə müvafiq təbliğat və təşviqat tədbirləri həyata keçirilir.