Əfqan qaçqınları İranda işgəncəyə məruz qalır – Amnesty İnternational
Aprel 11
16:35
2022
İranda əfqan qaçqınların təqib edilməsindən narahatlığını ifadə edən Amnesty İnternational insan haqları təşkilatı bunu "insan hüquqlarının açıq-aşkar pozulması aktı” adlandırıb.
"Azad Əfqanıstan” radiosu ilə söhbətində Amnesty İnternational Təşkilatının Cənubi Asiya üzrə fəalı Samirə Həmidi deyib ki, İran sərhədçiləri əfqan qaçqınlarını sərhədlərdə silahla təhdid edir və onları öz ölkələrindən qovur.
S.Həmidinin sözlərinə görə, etibarlı mənbələr əfqan qaçqınların İran sərhədçiləri tərəfindən işgəncələrə və cinsi təcavüzə məruz qaldığını təsdiqləyib: "İranlıların ölkədə əfqanlara qarşı ayrı-seçkilik, zorakılıq və sarsıdıcı hərəkətini əks etdirən kadrlar insan haqlarının açıq-aşkar pozulmasıdır”.
Beynəlxalq ictimaiyyəti İrandakı əfqan qaçqınları məsələsini həll etməyə çağıran S.Həmidi əlavə edib ki, əfqanlar viza müddətinin uzadılması və ödəniş sistemləri ilə bağlı problemlərlə üzləşib.
Bundan əvvəl sosial media platformalarında qonşu İranda əfqan qaçqınların necə təqib edildiyini göstərən video yayılıb. Yayılan videoda əfqan qaçqınların ictimai yerlərdə işgəncələrə məruz qaldıqları və pis rəftar etdikləri əks olunub.
"Khaama Press" xəbər verir ki, İranın Kabildəki səfirliyi mətbuata açıqlamasında iddia edilən təqib xəbərlərini təkzib edərək bildirib ki, sözügedən xəbər Əfqanıstanla ikitərəfli münasibətləri pozmaq üçün bir sui-qəsddir.
Bundan əlavə, "Taliban" İranın Kabildəki səfirliyinin diplomatlarını bu ölkədəki əfqan qaçqınların vəziyyətini müzakirə etmək üçün dəvət edib.
Bununla belə, İran səfirliyinin mətbuat müşaviri deyib ki, yeddi-səkkiz milyona yaxın Əfqanıstan vətəndaşı İrana gedib, "Taliban" vətəndaşların İrana getməməsi üçün şərait yaratmalıdır.