SON XƏBƏR

Əhməd İsmayılov: “Seçkinin mediada işıqlandırılması üçün bütün imkanlar yaradılıb”

Yanvar 11
13:51 2024
"Seçkinin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb”.

"Report”un xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində zəfərlə başa çatıb:

"Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda, regionumuzda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması kimi vacib amillərlə şərtlənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı, ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir”.

Agentliyin sədri bildirib ki, milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd edib:
"2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub-saxlamaqdadır. Dövlət başçısı bildirib ki, "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirib”.

Ə.İsmayılov vurğulayıb ki, növbədənkənar prezident seçkisi də ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı, medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir:

"Seçkinin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlib, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, dünən Prezident yerli televiziya kanallarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar prezident seçkisini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirib, bu mərhələni dövlətçilik tariximizdə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkisi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkisi dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook