SON XƏBƏR

Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edir

Noyabr 25
00:34 2020
Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 km, yolun ümumi eni isə 37,7 m təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq, tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook